İDMAN
Qaradağ rayonunda birinci Avropa Oyunlarına hazırlıqla bağlı müşavirə keçirilib
Bakı, 4 may, AZƏRTAC
Mayın 4-də Qaradağ rayonunda “Birinci Avropa Oyunlarının hazırlığı və keçirilməsi dövründə Fövqəladə Hallar Nazirliyi Bakı Regional Mərkəzi ilə yerli icra hakimiyyəti və özünüidarəetmə orqanları, eləcə də digər rayon təşkilatlarının birgə fəaliyyət istiqamətləri” mövzusunda müşavirə keçirilib.
AZƏRTAC xəbər verir ki, Qaradağ Rayon İcra Hakimiyyəti başçısının müavini Elnur Qurbanov tədbirdə çıxış edərək “Bakı- 2015” birinci Avropa Oyunlarına hazırlıqla bağlı rayonda həyata keçirilən işlərdən danışıb.
Sonra Fövqəladə Hallar Nazirliyi Bakı Regional Mərkəzinin rəis müavini Tale Şamçıyev “Birinci Avropa Oyunlarının hazırlığı və keçirilməsi dövründə birgə fəaliyyət istiqamətləri” mövzusunda çıxış edib.
“Bakı-2015” Avropa Oyunlarının Əməliyyat Komitəsinin nümayəndəsi Karin Halifaya Avropa Oyunlarının təhlükəsizlik sisteminin yaradılması, bu işdə Azərbaycanının təhlükəsizlik orqanları ilə əməkdaşlıq, həmçinin Oyunların keçiriləcəyi obyektlərin olduğu ərazinin coğrafi yerləşməsinin əhəmiyyəti barədə məlumat verib.
Tədbir Oyunların hazırlığı və keçirilməsi dövründə rayon ərazisində, eləcə də yarışların keçiriləcəyi obyektlərdə, kütləvi istirahət yerlərində və çimərliklərdə ictimai təhlükəsizliyin təşkili, qeyd edilən ərazilərdə sanitar təhlükəsizliyin təmin edilməsi mövzuları ətrafında çıxışlarla davam etdirilib.
Müşavirədə, həmçinin Oyunlar zamanı əhaliyə və rayonun qonaqlarına tibbi xidmətin göstərilməsi, çimərliklərdə aparılan monitorinqlərin nəticələri, dəniz suyunun gigiyenik vəziyyəti da müzakirə olunub.