CƏMİYYƏT
Qaradağ rayonunda səhiyyə işçilərinin peşə bayramı qeyd olunub
Bakı, 17 aprel, AZƏRTAC
Qaradağ Rayon İcra Hakimiyyətində səhiyyə işçilərinin peşə bayramı münasibətilə tədbir keçirilib. AZƏRTAC-a bu barədə rayon icra hakimiyyətindən xəbər veriblər.
Tədbirdə çıxış edən Qaradağ Rayon İcra Hakimiyyəti başçısının müavini Təranə İsmayılova səhiyyə işçilərini peşə bayramları münasibətilə təbrik edib və son illər ölkə səhiyyəsində aparılan islahatlar, həyata keçirilən tədbirlər, tibb müəssisələrinin maddi-texniki bazanın təkmilləşdirilməsi, təchizat və kadr hazırlığı, əhaliyə tibbi xidmətin səviyyəsinin yaxşılaşdırılması üçün rayonda görülən işlərdən danışıb.
Tibb işçiləri onlara göstərilən hərtərəfli diqqət və qayğı üçün ölkə rəhbərliyinə minnətdarlıqlarını bildirib, yenidən qurulan tibb ocaqları sırasında rayonun səhiyyə ocaqlarının olduğundan məmnunluq duyduqlarını söyləyiblər.
Tədbirin sonunda Lökbatan qəsəbəsindəki 4 nömrəli Doğum Evinin baş həkimi Şəfəq Yusifova, Müşviqabad qəsəbəsindəki 13 nömrəli Şəhər Poliklinikasının baş həkimi Elnarə Hüseynova, Sahil qəsəbəsindəki 23 nömrəli Birləşmiş Şəhər Xəstəxanasının həkim-oftalmoloqu Ruhəngiz Kazımova, Qobustan qəsəbəsindəki 17 nömrəli Birləşmiş Şəhər Xəstəxanasının tibb bacısı İlhamə Süleymanova və Bakı Şəhər Təcili Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının Sahil qəsəbəsindəki 20 saylı bölməsinin həkimi Bəyzadə Allahverdiyev rayon rəhbərliyinin Fəxri fərmanı və xatirə hədiyyələrinə layiq görülüb.