CƏMİYYƏT
Qaradağ rayonunda yaşıllaşdırma işləri aparılıb
Bakı, 26 aprel, AZƏRTAC
Respublika yaşıllaşdırma marafonu çərçivəsində Qaradağ rayonunda ağacəkmə aksiyası keçirilib.
AZƏRTAC xəbər verir ki, ekoloji mühitin sağlamlaşdırılmasına və torpaq qatının münbitləşməsinə xidmət edən tədbirdə rayonun əmək kollektivləri və sakinlər iştirak edib.
Bakı-Ələt magistral avtomobil yollunda, Bakı dairəvi yolunun rayon ərazisindən keçən hissəsində, Lökbatan, Səngəçal və Qobustan qəsəbələrində, Qobustan Tarix Qoruğuna gedən yolun kənarında 2 mindən çox ağac əkilib. Yeni əkilən ağacların xeyli hissəsini yerli iqlimə uyğun zeytun və şam ağacları təşkil edir və onlara qulluq göstərilməsi üçün suvarma sistemləri quraşdırılıb.
Yolların kənarında aparılan yaşıllaşdırma tədbiri ekoloji tarazlığın bərpası, ətraf mühitin qorunması, yaşıllıqların artırılması və ərazilərin gözəlləşməsinə xidmət edir.