ELM VƏ TƏHSİL
Qaradağ rayonunun tam orta məktəblərində "Son zəng" tədbirləri təntənə ilə keçirilib
Bakı, 30 may, AZƏRTAC
Mayın 29-30-da Qaradağ rayonunun tam orta məktəblərində “Son zəng” tədbirləri təntənəli qeyd olunub.
Qaradağ Rayon İcra Hakimiyyətinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, tədbirlərin keçirilməsi üçün məktəblərin kollektivləri tərəfindən yüksək səviyyədə təşkilatı işlər aparılıb. Bu il Qaradağ rayonu üzrə 1256 şagird orta məktəbi bitirib.
Tədbirlər Azərbaycanın dövlət bayrağının səhnəyə gətirilməsi və Dövlət himninin səsləndirilməsi ilə başlanılıb.
Çıxış edənlər ümummilli lider Heydər Əliyevin Azərbaycan təhsilinin inkişafındakı əvəzsiz xidmətlərindən, bu gün ölkə rəhbərliyi tərəfindən təhsil sahəsində aparılan siyasətdən danışıblar. Natiqlər müstəqil həyatın astanasında duran məzunlara, ölkəmiz və xalqımız üçün layiqli övlad olmalarını arzulayıblar. Qaradağ rayonunda son illər təhsil ocaqlarının yenidən tikilməsi, əsaslı təmir olunaraq müasir avadanlıqla təchiz edilməsi təhsildə keyfiyyətin yüksəlməsinə təsir edən amil kimi dəyərləndirilib.
“Son zəng” tədbirlərindən biri Neftçi Qurban adına 288 nömrəli tam orta məktəbdə keçirilib. Tədbirdə Qaradağ Rayon İcra Hakimiyyəti başçısının müavini Təranə İsmayılova, təhsil nazirinin müavini, Bakı şəhəri üzrə Təhsil İdarəsinin müdiri vəzifəsini icra edən Ceyhun Bayramov, Yeni Azərbaycan Partiyasının Siyasi Şurasının üzvü, partiyanın Qaradağ rayon təşkilatının sədri Aydın Hüseynov və başqaları iştirak ediblər.
Çıxış edənlər məzunlara gələcək həyatlarında uğurlar diləyiblər. Müstəqil həyatın astanasında duran məzunlara ölkəmiz və xalqımız üçün layiqli vətəndaşlar olmalarını arzulayıblar.