İQTİSADİYYAT


Qaradağda 15 sahibkarlıq subyektinə 2,9 milyon manat güzəştli kredit verilib

A+ A

Bakı, 15 iyul, AZƏRTAC

İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondunun iyulun 15-də Qaradağ rayonunun Lökbatan qəsəbəsində keçirdiyi işgüzar forumda müvəkkil kredit təşkilatları vasitəsilə 15 sahibkarlıq subyektinə 2,9 milyon manat güzəştli kredit verilib.

Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, kreditlər əsasən, heyvandarlıq, əkinçilik, ət kəsimi və emalı, çörək, tikinti materialları, idman ləvazimatları istehsalı sahələrinə yönəldiləcək. Bu kreditlərin reallaşdırılması 200-dən çox yeni iş yerinin yaradılmasına imkan verir.

Forumda sahibkarlara güzəştli kreditlərin alınması mexanizmi barədə ətraflı məlumatlar verilib. Qaradağda həyata keçirilməsi məqsədəuyğun hesab olunan nümunəvi layihələr təqdim olunub, sahibkarlarla müvəkkil kredit təşkilatları arasında işgüzar münasibətlər qurulub, sahibkarların investisiya layihələri maliyyələşdirilib.

Səksənə yaxın sahibkarın iştirak etdiyi işgüzar forum çərçivəsində Qaradağ rayonunun iqtisadi potensialının reallaşdırılması məqsədilə prioritet hesab olunan ət kəsimi, şirniyyat məhsulları, üzlüklər, dam örtükləri, plastik qablar və corab istehsalı müəssisələrinin yaradılması üzrə nümunəvi investisiya layihələrinin təqdimatı keçirilib, kiçik həcmli investisiya layihələrinin ümumi dəyərinin bütün hissəsinin dövlətin güzəştli kreditləri hesabına maliyyələşdiriləcəyi bildirilib.

Sahibkarlığa Kömək Milli Fondunun icraçı direktoru Şirzad Abdullayev qeyd edib ki, bu ilin ötən dövrü ərzində ölkə üzrə 1297 sahibkarlıq subyektinin investisiya layihəsinin maliyyələşdirilməsinə 75,8 milyon manat güzəştli kredit verilib. Bu kreditlər hesabına maliyyələşdirilən layihələrin reallaşdırılması 3 min 300-ə yaxın yeni iş yerinin yaradılmasına imkan verir. Ümumilikdə, indiyədək Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair dövlət proqramları çərçivəsində paytaxt qəsəbələrində sahibkarlıq subyektlərinin 1268 investisiya layihəsinin maliyyələşdirilməsinə 323,3 milyon manat güzəştli kredit verilib. Digər sahələrlə yanaşı, müasir texnologiyaların tətbiqinə əsaslanan çörək zavodları, istixana kompleksləri, quşçuluq, bağçılıq təsərrüfatları, ət emalı, "yaşıl market", logistik mərkəzlər, tikinti materialları, mebel, neft-kimya sənayesi avadanlıqları, metal konstruksiya istehsalı müəssisələrinin yaradılması üzrə investisiya layihələri maliyyələşdirilib.

Diqqətə çatdırılıb ki, son illər güzəştli kreditlər hesabına 145 sənaye yönümlü investisiya layihəsinin maliyyələşdirilməsinə 470 milyon manatdan çox güzəştli kredit yönəldilib. Maliyyələşdirilmiş müəssisələrdən 125-i istifadəyə verilib. Bu müəssisələrdə istehsal olunan məhsullar idxalı əvəz etməklə yanaşı, ölkənin sənaye potensialının reallaşdırılmasında mühüm rol oynayacaq.

Forum çərçivəsində Qaradağ rayonunda dövlətin güzəştli krediti ayrılmış ildə 438 min ton tikinti materialları istehsal etmək gücündə olan zavoda və idman ləvazimatları istehsalı müəssisəsindəki tikinti işlərinə baxış keçirilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.