İQTİSADİYYAT
Qaradağda “Sahibkarlığın güzəştli kreditləşdirilməsi məsələləri”nə dair işgüzar forum təşkil edilib
Bakı, 15 iyul, AZƏRTAC
İyulun 15-də Qaradağ rayonunun Lökbatan qəsəbəsində İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondunun təşkilatçılığı ilə “Sahibkarlığın güzəştli kreditləşdirilməsi məsələləri”nə dair işgüzar forum keçirilib.
Qaradağ Rayon İcra Hakimiyyətindən AZƏRTAC-a bildiriblər ki, forumda 170-dək sahibkar və 10 müvəkkil kredit təşkilatının nümayəndələri iştirak ediblər.
Forum çərçivəsində Sahibkarlığa Kömək Milli Fondu tərəfindən ötən müddətdə regionlarda, o cümlədən Qaradağ rayonunda həyata keçirilən layihələr haqqında videoçarx nümayiş olunub.
Tədbirdə bildirilib ki, dövlətimizin başçısının iqtisadi islahatlar paketi çərçivəsində ötən ilin sonlarından etibarən sahibkarlığın inkişafı ilə bağlı verdiyi qərarlar strateji xarakter daşımaqla yanaşı, ölkədə, eyni zamanda, Qaradağ rayonunda sahibkarlığın inkişafında yeni dövrün başlanğıcına zəmin yaradıb. Hazırda rayon ərazisində sahibkarlığın inkişaf etdirilməsi, biznes mühitinin davamlı olaraq yaxşılaşdırılması istiqamətində sistemli tədbirlər həyata keçirilir.
Sahibkarlığa Kömək Milli Fondunun icraçı direktoru Şirzad Abdullayev 2016-cı ilin ötən dövrü ərzində 1297 sahibkara 75,8 milyon manat dövlətin güzəştli kreditlərinin verildiyini və bu kreditlər hesabına 3270 yeni iş yerinin yaradılması imkanının olduğunu bildirib. O qeyd edib ki, indiyədək Qaradağ rayonundan olan 103 sahibkara 80,4 milyon manat güzəştli kredit verilib. Bu kreditlər hesabına 3800-dək yeni iş yeri imkanı yaranıb.
İşgüzar forumda Sahibkarlığa Kömək Milli Fondunun vasitəçiliyi ilə sahibkarlarla müvəkkil kredit təşkilatlarının səlahiyyətli nümayəndələri arasında qarşılıqlı dialoq əsasında kreditin alınması məsələləri müzakirə edilib və tərəflər arasında işgüzar münasibətlər yaradılıb.
Forum çərçivəsində Qaradağ və ətraf rayonlardan olan 15 sahibkara 2,9 milyon manat məbləğində güzəştli kreditlər verilib. Həmin kreditlər hesabına 200-dən çox yeni iş yerinin yaradılması nəzərdə tutulur.
“Sahibkarlığın güzəştli kreditləşdirilməsi məsələləri”nə dair işgüzar forumlar gələcəkdə də davam etdiriləcək.