CƏMİYYƏT


Qaradağda keçirilən seminar-müşavirədə dini ekstremizmə qarşı mübarizə məsələləri müzakirə olunub

A+ A

Bakı, 26 iyul, AZƏRTAC 

İyulun 26-da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və Qaradağ Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə “Dini ekstremizmə qarşı mübarizə” mövzusunda seminar-müşavirə keçirilib.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, müşavirə iştirakçıları əvvəlcə ulu öndər Heydər Əliyevin abidəsini ziyarət edərək önünə gül dəstələri düzüblər.

Tədbirdə Baş Prokurorluq, Ədliyyə Nazirliyi, Daxili İşlər Nazirliyi və Dövlət Təhlükəsizliyi Xidmətinin Qaradağ və Səbail rayonlarının yerli strukturlarının nümayəndələri, ziyalılar, dindarlar və ictimai fəallar iştirak ediblər.

Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov dini radikalizm və ekstremizmlə mübarizənin əhəmiyyətini vurğulayaraq bu istiqamətdə həyata keçirilmiş tədbirlərdən söz açıb.

Sonra çıxış edən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Səyavuş Heydərov dünyada, xüsusilə Yaxın Şərqdə dini radikalizm və ekstremizmin acınacaqlı nəticələri haqqında danışıb. Bildirilib ki, dinin siyasiləşdirildiyi və ya siyasi oyunlar üçün alət olduğu ölkələr böyük fəlakətlərlə üzləşməkdədir.

Səyavuş Heydərov Azərbaycandakı multikultural dəyərlərin hər kəs üçün örnək olduğunu söyləyib və dünyaya ixracının aktuallığı məsələsinə toxunub. O, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sifarişi ilə hazırlanan “Fitnə” sənədli filmi barədə də məlumat verib. Dövlət Komitəsinin sədr müavini bu filmin dini radikalizmlə mübarizənin dini, psixoloji, hüquqi, siyasi və mənəvi tərəflərini özündə əks etdirdiyini bildirib. Filmdəki insanların dini radikalizmin təsirinə düşərək ailələrinin və özlərinin gələcəyini necə məhv etməsi nümunələrlə göstərilib.

Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsinin rəis müavini, polis polkovnik-leytenantı Hikmət Eyvazov təmsil etdiyi qurumun dini radikalizmlə mübarizə istiqamətində həyata keçirdiyi profilaktik və inzibati tədbirlərdən söz açıb. O, dini radikalizmin ictimai təhlükəsizliyə açıq təhdid olduğunu bildirərək müştərək mübarizənin vacibliyini vurğulayıb. Həmçinin qeyd edib ki, Azərbaycanda bütün dinlərin və millətlərin nümayəndələri vahid ailə kimi əmin-amanlıq və sabitlik şəraitində yaşayırlar.

Baş Prokurorluğun idarə rəisinin müavini Novruz Hacıyev dini radikalizm və onun fəsadları, eləcə də hüquqi müstəvidə aparılan mübarizə metodologiyası haqqında məlumat verib. O, ölkəmizdə hər bir vətəndaşın dini etiqad azadlığının təmin olunduğunu, bununla yanaşı, yaradılmış etiqad azadlığından digər məqsədlər üçün istifadənin yolverilməzliyini diqqətə çatdırıb. İctimaiyyətin dini radikalizmlə mübarizədə aktiv fəaliyyətinin vacibliyi vurğulanıb.

Sonda çıxış edən Qafqaz Müsəlmanları İdarəsinin Qaradağ rayonu üzrə səlahiyyətli nümayəndəsi Faiq Əhmədov dindarlara göstərdiyi qayğıya görə ölkə rəhbərliyinə təşəkkürünü bildirib. O, əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan dövlət-din münasibətlərinin bu gün ölkəmizin inkişafına böyük töhfə verdiyini və dindarların daim bütün məsələlərdə dövlətin yanında olduğunu söyləyib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.