CƏMİYYƏT
Qaralmağı da bacarmaq lazımdır
Bakı, 20 avqust, AZƏRTAC
AZƏRTAC “newsmir.info” saytına istinadla xəbər verir ki, alimlər sağlamlığa faydalı təhlükəsiz qaralma ilə bağlı tövsiyələrini dərc ediblər.
Onkoloqlar belə bir məsələdə yekdildirlər ki, günəş fəallığının pik həddinə çatdığı dövrdə gün altında olmaq xoşxassəli və bədxassəli dəri xərçəngi riskini artırır. Bu informasiya daha çox gün altında tez qaralan ağdərili insanlara aiddir.
Alimlər günəş şüalarına reaksiyadan asılı olaraq dərini altı növə ayırıblar. Birincisi ən həssas dəridir. Belə dəri çilləri və mavi gözləri olan kürən və sarısaçlı insanlarda olur. Bu qəbildən insanlar çox ehtiyatla qaralmalı, daim xüsusi kremlərdən istifadə etməli və yandırıcı günəş şüaları altında uzanmamalıdırlar.
İkinci dəri növü günəş şüalarına qarşı bir qədər dözümlüdür. Belə insanların xurmayı saçları, açıq rəngli gözləri olur. Bu qrupdan olanlar da qaralmağa çox meyillidirlər. Amma onlar günəş şüalarından qoruma intensivliyi daha zəif olan vasitələrdən istifadə etməlidirlər.
Üçüncü tip insanların qarabuğdayı dərisi və qonur gözləri var. Bu insanlar günəş altında nisbətən uzun müddət qala bilərlər. Onların dərisinin gündə yanması ehtimalı zəifdir. Amma yenə də gündüz saatlarında gündən qorunmaları məsləhətdir.
Dördüncü fototipin nümayəndələrinin zeytuni çalarlı dərisi, tünd gözləri və şabalıdı saçları olur. Beşinci və altıncı fototipin dərisi son dərəcə piqmentləşmişdir. Onların günə qarşı güclü immuniteti anadangəlmədir.