ELM VƏ TƏHSİL
Qaranlıqda insan sifətinin tanınması üçün qurğu ixtira edilib
Bakı, 4 avqust, AZƏRTAC
Almaniyanın Karlsruye Texnologiya İnstitutunun alimləri Saquib Sarfraz və Rainer Stiefelhagen tam qaranlıq şəraitdə insan sifətini tanımaq bacarığına malik yeni qurğu ixtira ediblər.
Azərbaycan Milli Elmlər Akademiyasından AZƏRTAC-a bildiriblər ki, qeyd olunan qurğu insanın üz cizgilərini infraqırmızı spektrdə təsvir edərək onları adi şəkillərlə müqayisə edir. Şəkillərin unikal emal sistemi sayəsində bu texnologiya sifətləri yalnız pis işıqlandırma şəraitində deyil, həmçinin tam qaranlıqda da identifikasiyaetmə bacarığına malikdir. Qurğunun yaradıcıları ondan kommersiya məqsədilə istifadə etmək niyyətində deyillər. Onların sözlərinə görə, layihə hazırlananda yalnız elmi hədəflər prioritet götürülüb.
Gələcəkdə insan sifətinin qaranlıqda identifikasiyası qurğusu cinayətkarların şəxsiyyətinin müəyyənləşdirilməsi üçün polis orqanları tərəfindən istifadə oluna bilər.