ELM VƏ TƏHSİL
“Qaranlıqdan işığa” kitabı çapdan çıxıb
Bakı, 2 may, AZƏRTAC
Azərbaycanın görkəmli maarifçisi, yazıçı, aktyor, teatrşünas, tərcüməçi və jurnalist Əsgər ağa Goraninin (Adıgözəlovun) fəaliyyətindən və yaradıcılığından bəhs edən “Qaranlıqdan işığa” kitabı nəşr olunub.
Azərbaycan Milli Elmlər Akademiyasından (AMEA) AZƏRTAC-a bildiriblər ki, nəşrin müəllifi ədibin irsinin araşdırıcısı Gülhüseyn Kazımlı, redaktoru və “Ön söz”ün müəllifi AMEA-nın Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktoru, akademik Rafael Hüseynovdur.
Əsgər ağa Gorani Azərbaycanın səhnə sənəti tarixində professional teatrımızın bünövrəsini qoyanlardan biri, mətbuat tariximizdə “Əkinçi”nin ən fəal müxbiri, ədəbiyyat tariximizdə “Qocalıqda yorğalıq” pyesinin və “Qara yel” romanının müəllifidir. İctimai fikir tariximizin inkişafında əvəzsiz xidmətləri olan Ə.Gorani bir sıra bədii əsərlərin tərcüməçisi, hüquqşünas və ictimai xadim kimi də tanınır.
Qeyd edək ki, Mirzə Fətəli Axundzadənin və Həsən bəy Zərdabinin mənəvi övladlarından biri olan Əsgər ağanın itmiş sayılan “Qocalıqda yorğalıq” pyesi və M.Lermontovdan tərcümə etdiyi “Yel gəmisi” balladası bu günlərdə Gülhüseyn Kazımlının axtarışları sayəsində tapılıb. Bu pyes və Əsgər ağa Goraninin M.Lermontovdan tərcümə etdiyi “Yel gəmisi” əsəri də “Qaranlıqdan işığa” kitabına daxil edilib.