ELM VƏ TƏHSİL
“Qardenklub ekoloji sosial maarifləndirmə klubunun qurulması” layihəsi başa çatıb
Bakı, 23 dekabr, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyasının Mərkəzi Nəbatat Bağında (MNB) həyata keçirilən “Qardenklub ekoloji sosial maarifləndirmə klubunun qurulması” layihəsinə yekun vurulub.
AMEA-dan AZƏRTAC-a bildirilib ki, layihə Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi, MNB və akademiyanın Botanika İnstitutunun təşkilatçılığı ilə həyata keçirilib. Layihənin əsas məqsədi şagirdlərin dərsdənkənar asudə vaxtlarının səmərəli dəyərləndirilməsi və onların ekoloji maarifləndirilməsi olub.
Üç ay davam edən layihə çərçivəsində “Danışan oduncaq halqaları”, “Bitkinin görünməyən memarları”, “Azərbaycan bitkiləri”, “Ekoloji təhlükəsizlik”, “Kiçik bağbanlar” mövzuları üzrə keçirilən təlimlərdə altı məktəbdən 200-dən çox şagird iştirak edib.
Təlimlər nəzəri və praktiki hissədən ibarət olmaqla MNB və Botanika İnstitutunun mütəxəssisləri tərəfindən aparılıb. Məktəblilər MNB-nin kolleksiyasına daxil olan müxtəlif bitkilərin təbii yayılma əraziləri, onların əhəmiyyəti, mühafizə problemləri haqda geniş məlumatlandırılıblar. Həmçinin şagirdlərin iştirakı ilə torpaq əkinə hazırlanıb, dekorativ bitkilər əkilib və onlara qulluq qaydaları öyrədilib.
Məktəblilər Botanika İnstitutunda bitki ehtiyatları şöbəsində laborator şəraitdə aparılan tədqiqatlar və avadanlığın iş prinsipi ilə də yaxından tanış olublar. Şagirdlərə Herbari Fondunda saxlanılan dəyərli növ nümunələri, onların saxlanılma şəraiti və rəqəmsallaşdırılaraq Avropa məlumat bazasına daxil olunması haqqında əyani vasitələrdən istifadə etməklə məlumat verilib. Məktəblilər botanika muzeyində nümayiş olunan “Azərbaycanın yaşıl xəzinəsi” adlı sərgidə də iştirak ediblər.