SİYASƏT
Qarsda “Nuh yurdu Naxçıvan - 90” mövzusunda konfrans VİDEO
İstanbul, 26 noyabr, AZƏRTAC
Türkiyənin Qars şəhərindəki Heydər Əliyev adına sənaye peşə təmayüllü liseydə “Nuh yurdu Naxçıvan - 90” mövzusunda konfrans keçirilib.
Azərbaycanın Qarsdakı baş konsulluğu tərəfindən təşkil olunan konfransda Türkiyənin rəsmi şəxsləri, Azərbaycan və qardaş ölkədən olan elm və mədəniyyət adamları, şəhər ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Azərbaycanın və Türkiyənin dövlət himnləri səsləndirildikdən sonra təbriklər oxunub.
Qonaqları salamlayan baş konsul Ayxan Süleymanlı Naxçıvana muxtariyyət statusu verilməsinin tarixi və bölgənin ictimai-siyasi həyatındakı rolu barədə məlumat verib. Tarixin bütün dövrlərində regionda maraqları olan böyük güclərin Naxçıvan bölgəsindəki ictimai-siyasi proseslərə təsir etməyə cəhd etdiklərini diqqətə çatdıran baş konsul deyib ki, Naxçıvan əhalisi bütün məqamlarda mübariz olub, öz siyasi taleyinə biganə qalmayıb. O cümlədən XX yüzilliyin əvvəlində olduğu kimi, ötən əsrin sonunda da muxtar respublika əhalisi Azərbaycanın müstəqilliyi yolunda əzmlə mübarizə aparıb, ümummilli lider Heydər Əliyevin ətrafında sıx birləşərək təcavüzkar Ermənistanın Naxçıvana qarşı gerçəkləşdirmək istədiyi işğalçılıq niyyətinin puça çıxmasında birlik nümayiş etdirib. Hazırda Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın digər bölgələri kimi muxtar respublika da sürətlə inkişaf edir, qədim və milli görkəmini müasir üslubda zənginləşdirir.
“Nuhun yurdu Naxçıvan” filminin nümayişindən sonra Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan Bölməsinin əməkdaşları - tarix üzrə fəlsəfə doktoru Asəf Orucovun “Muxtariyyət ərəfəsində Naxçıvanda ictimai-siyasi vəziyyət. 1918-1924-cü illər” və İlhami Əliyevin “Qars müqaviləsi və Naxçıvanın muxtariyyət statusu”, Qars Qafqaz Universitetindən - professor Hacıəli Nəcəfoğlunun “Naxçıvan abidələri ” və ədəbiyyat üzrə fəlsəfə doktoru Arzu Şeydanın “Naxçıvan ədəbiyyatı, Hüseyn Cavid” mövzularında məruzələri dinlənilib.
Məruzələrdə Naxçıvana muxtariyyət statusu verilməsinin tarixi əhəmiyyəti, bu siyasi-hüquqi nailiyyətin müasir dövrümüzdəki rolu, muxtar respublikanın tarixi mədəniyyət abidələrinin dünya maddi irsi sırasındakı yeri, dünya ədəbiyyatının inkişafına böyük töhfələr vermiş Azərbaycanın böyük şair və dramaturqu Hüseyn Cavidin yaradıcılığının həmşəyaşarlığı barədə fikir və mülahizələr özünə yer alıb.
Foyedə ümummilli lider Heydər Əliyevin və Prezident İlham Əliyevin zəngin həyat və fəaliyyətini əks etdirən, Azərbaycanın tarixinə, müasir inkişaf göstəricilərinə, həmçinin Qarabağ həqiqətlərinə dair nadir kitab və jurnallar sərgilənib.
Naxçıvan Muxtar Respublikası Ali Məclisindən göndərilmiş Azərbaycan həqiqətlərinə dair əyani vəsaitlər iştirakçılara paylanıb.
Rəsmi hissədən sonra Naxçıvan Dövlət Filarmoniyasının musiqi qrupunun geniş konsert proqramı olub.
Mərasim milli mətbəximizin nümunələrindən təşkil olunan süfrə arxasında davam edib.
Sabir Şahtaxtı
AZƏRTAC-ın xüsusi müxbiri
İstanbul