İQTİSADİYYAT
Qarşıdakı on ildə dünyada ərzaq məhsullarının qiymətləri aşağı düşəcək
Bakı, 2 iyul, Laçın Sultanova, AZƏRTAC
Qarşıdakı onillikdə dünyada ərzaq məhsullarının qiymətləri tədricən aşağı düşəcək . AZƏRTAC-ın BMT-nin Xəbər Mərkəzinə istinadən verdiyi xəbərə görə, bu proqnoz BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) və İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (İƏİT) birgə məruzəsində verilir.
Beynəlxalq ekspertlərin fikrincə, əsas ərzaq məhsullarının qiymətlərinin aşağı düşməsi məhsuldarlığın yüksək olması və artması ilə, tələbatın azalması və neftin qiymətinin aşağı düşməsi ilə bağlıdır.
İƏİT-nin baş katibi Anxel Qurria Parisdə etdiyi məruzədə deyib: "Dünya kənd təsərrüfatı üzrə proqnoz son illərlə müqayisədə daha sabitdir, lakin biz qarşıdakı illərdə yeni qiymət dəyişiklikləri ilə bağlı riskləri istisna etməməliyik".
O, hökumətləri ərzaq bazarında indiki vəziyyətdən istifadə etməyə və diqqəti məhsuldarlığın yüksəldilməsinə, innovasiyaların inkişafına, risklərin daha yaxşı idarə olunmasına, həm istehlakçılara, həm də fermerlərə fayda verə biləcək etibarlı kənd təsərrüfatı sistemlərinin qurulmasına kömək edən siyasət hazırlanmasına yönəltməyə çağırıb.
FAO-nun baş katibi Joze Qratsianu da Silva bildirib ki, qiymətlərin aşağı düşməsinə baxmayaraq, az inkişaf etmiş ölkələrdə aclıq ciddi problem olaraq qalır.
Məruzədə deyilir ki, 2024-cü ilədək balıq məhsulları istehsalı təqribən 20 faiz artacaq. 2023-cü ildə balıqçılıq sektorunda artım ümumi balıq ovundan yüksək olacaq.
Qiymət dəyişiklikləri ət istehsalına təsir göstərəcək. Yemin qiymətinin aşağı düşməsi sektorda rentabelliyin bərpa olunmasına kömək göstərəcək. Süd məhsullarının ixracı əsasən Yeni Zelandiya, Avropa İttifaqı, Amerika Birləşmiş Ştatları və Avstraliyanın payına düşəcək.