SİYASƏT
Qarşılıqlı səfərlər milli xəbər agentliklərinin əlaqələrinin inkişafı üçün yaxşı zəmindir VİDEO
Bakı, 1 mart, AZƏRTAC
İndi dünyada baş verən xoşagəlməz hadisələr, iqtisadi böhran fonunda informasiya agentlikləri arasında dostluq, əməkdaşlıq əlaqələrinin inkişaf etdirilməsi çox vacibdir.
Bu fikir Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC) 95 illiyi münasibətilə yubiley mərasimində iştirak etmək üçün martın 1-də Bakıya səfərə gələn Qazaxıstanın “Kazinform” Beynəlxalq İnformasiya Agentliyinin Baş direktoru Dauren Diyarov, Belarusun BelTA agentliyinin Baş direktoru Dmitri Juk, Rumıniyanın AGERPRESS milli xəbər agentliyinin Baş direktoru İon Alexandru Giboi və baş redaktoru xanım Qabriela İonesku ilə AZƏRTAC-da keçirilən görüşdə səslənib.
Baş direktor Aslan Aslanov qonaqlara AZƏRTAC-ın 95 il ərzində keçdiyi inkişaf yolu, agentlikdə aparılan islahatlar, onun beynəlxalq əlaqələrinin genişləndirilməsi istiqamətində görülən işlər barədə ətraflı məlumat verdi.
Diqqətə çatdırıldı ki, martın 2-də Bakıda Dünya Xəbər Agentlikləri Konqresi Şurasının növbəti iclası keçiriləcək. 2016-cı ildə isə AZƏRTAC-ın ev sahibliyi ilə eyni vaxtda Dünya Xəbər Agentliklərinin V Konqresi, Asiya və Sakit Okean Ölkələri Xəbər Agentlikləri Təşkilatının (OANA) XVI Baş Assambleyası keçiriləcək. AZƏRTAC 2019-cu ilədək bu nüfuzlu beynəlxalq qurumlara sədrlik edəcək.
“Kazinform”un Baş direktoru Dauren Diyarov Bakıya səfərindən, AZƏRTAC-ın 95 illik yubiley mərasimində iştirak etməkdən məmnun olduğunu qeyd etdi. O, indi dünyada baş verən xoşagəlməz hadisələr, iqtisadi böhran fonunda informasiya agentlikləri arasında dostluq əlaqələrinin inkişaf etdirilməsinin vacibliyini vurğuladı, rəhbərlik etdiyi agentliyin AZƏRTAC ilə əməkdaşlığa böyük önəm verdiyini bildirdi. D.Diyarov dedi: “Mən dostum Aslan Aslanovun agentliyin 95 illik yubileyi ərəfəsində yazdığı “AZƏRTAC: Şərqlə Qərb arasında media körpüsü” sərlövhəli məqaləsini oxudum və azərbaycanlı həmkarlarımın uğurlarına ürəkdən sevindim. AZƏRTAC-ın son illərdə qazandığı uğurlar barədə məlumatlı olmaq üçün bu məqaləni oxumaq kifayətdir”.
Rumıniyanın AGERPRESS agentliyinin Baş direktoru İon Alexandru Giboi dəvətə görə minnətdarlığını bildirdi. Azərbaycanda artıq ikinci dəfə olduğunu qeyd edən qonaq ölkənin gündən-günə inkişaf etdiyini xüsusi vurğuladı. AZƏRTAC-ın 95 illik yubileyi çərçivəsində agentlik ilə AGERPRESS arasında əməkdaşlığa dair imzalanacaq sazişin önəmindən bəhs edən A.Giboi, bu sənədin agentliklər arasında əlaqələrin inkişafına töhfə verəcəyinə əminliyini bildirdi.
Belarusun BelTA agentliyinin Baş direktoru Dmitri Juk, AGERPRESS-in baş redaktoru xanım Qabriela İonesku qarşılıqlı səfərlərin agentliklər arasında əlaqələrin inkişaf etdirilməsi baxımından vacibliyini vurğuladılar.
Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparıldı.