REGİONLAR


Qax Damazlıq İpəkçilik Stansiyasında yerli cins ipəkqurdu toxumları yetişdiriləcək VİDEO

A+ A

Qax, 8 dekabr, Mustafa Dadaşov, AZƏRTAC

Prezident İlham Əliyevin regionların mövcud iqtisadi potensialından daha səmərəli istifadə olunması, kənd təsərrüfatının ənənəvi sahələrinin, o cümlədən baramaçılığın inkişaf etdirilməsi ilə bağlı verdiyi tapşırıqlara uyğun olaraq, respublikamızda ipəkçiliyin müasir infrastrukturunun yaradılması istiqamətində zəruri tədbirlər həyata keçirilir.

AZƏRTAC xəbər verir ki, baramaçılığın yem bazasının təmin edilməsi üçün intensiv tipli yeni tut (çəkil) bağlarının salınması məqsədi ilə bu günlərdə Çin Xalq Respublikasından ölkəmizə gətirilən tut tinglərinin 20 min ədədinin Qax Damazlıq İpəkçilik Stansiyasının ərazisində əkilməsi nəzərdə tutulub. Bu məqsədlə ərazidə 2 hektar torpaq sahəsi ayrılıb, sahə əkin üçün hazır vəziyyətə gətirilib.

Dekabrın 8-də keçirilən iməcilik zamanı tinglərin böyük hissəsi əkilib. İməcilikdə rayon Kənd Təsərrüfatı İdarəsinin mütəxəssisləri, yaxınlıqda yerləşən kəndlərin sakinləri, həmçinin stansiyanın işçiləri iştirak ediblər. Tinglər Çin texnologiyası əsasında, cərgələrarası məsafə 2 metr və tinglərarası 50 santimetr olmaqla, əvvəlcədən qazılan, eni və dərinliyi 50-60 santimetr olan çalalara basdırılıb.

Qeyd edək ki, uzun illər fasilədən sonra 2016-cı ildə Qax Damazlıq İpəkçilik Stansiyasında yenidən ipəkqurdunun yetişdirilməsinə başlanılıb. Bu il Kənd Təsərrüfatı Nazirliyi tərəfindən İran İslam Respublikasından 750 və Çin Xalq Respublikasından 1000 qutu barama toxumu tədarük edilərək ölkəmizə gətirilib və apreldə stansiyada inkubasiyaya qoyulub. İnkubasiya müddəti başa çatdıqdan sonra alınan ipəkqurduları bəslənilmək üçün bölgü əsasında respublikamızın baramaçılıqla məşğul olan rayonlarının kümçülərinə pulsuz olaraq paylanılıb.

Stansiyanın direktoru Əkrəm Fətəliyevin bildirdiyinə görə, 2018-ci ildən başlayaraq müəssisənin özündə yerli cinsdən olan barama toxumunun yetişdirilməsinə başlanılacaq və xaricdən toxum gətirilməsinə ehtiyac qalmayacaq. Stansiya baramaçılıqla məşğul olan rayonların ipəkqurduna olan tələbatını tam şəkildə təmin edəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.