REGİONLAR


Qax-Zaqatala avtomobil yolunda bərpa işləri davam edir VİDEO

Bakı, 8 iyun, AZƏRTAC

Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən, “Azəravtoyol” ASC tərəfindən R16 Qorağan-Qax-Zaqatala avtomobil yolunun yenidən qurulması işləri davam etdirilir.

ASC-nin mətbuat katibliyindən AZƏRTAC-a bildirilib ki, hazırda uzunluğu 29,8 kilometr olan avtomobil yolunun Qax rayonu ərazisindən keçən 8,4 kilometrlik hissəsində torpaq işləri görülür, yeni yol yatağı və yol əsasının tikintisi işləri aparılır. 3-cü texniki dərəcəyə uyğun yenidən qurulan yolun torpaq yatağının eni 12 metr, hərəkət zolağının sayı 2 olmaqla hər bir zolağın eni 3,75 metr, çiyinlərin bərkidici zolaqla birgə eni 2,5 metrdir. Ümumilikdə yolun 320 min kvadratmetr sahəsinə 3 qat olmaqla və 22 santimetr qalınlığında asfalt-beton örtüyünün salınması nəzərdə tutulur.

Bundan başqa layihə çərçivəsində 5 ədəd yeni körpünün tikintisi və bir mövcud körpünün əsaslı təmiri, dəmir-beton boru və drenaj işlərinin görülməsi, tikinti altına düşən kommunikasiyaların köçürülməsi, 24 ədəd avtobus dayanacağının tikintisi və müxtəlif işlərin icrası da nəzərdə tutulub. Artıq sözügedən işlərdən Qum çayı üzərində uzunluğu 18 metr və 1 aşırımlı körpünün tikintisi başa çatdırılıb. Süskənd çayı üzərində yerləşən 2 aşırımlı və uzunluğu 36 metr olan avtomobil körpüsünün isə tikintisi davam etdirilir. Həmçinin 6 yerdə ümumi uzunluğu 90 metr olan dəmir-beton suötürücü boruların da quraşdırılması yekunlaşdırılıb.

Tikinti işləri yekunlaşdıqdan sonra hərəkətin normal təşkili üçün zəruri olan yerlərdə 75 ədəd yol nişanı və məlumatverici lövhə quraşdırılacaq, yolun üfüqi nişanlama xətlərinin çəkilişi işi aparılacaq. Layihə reallaşdırıldıqdan sonra Qax və Zaqatala rayonları arasında hazırda istifadə olunan 46 kilometrlik məsafə qısalaraq 36 kilometr olacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.