REGİONLAR
Qax-Zaqatala avtomobil yolunun yenidən qurulmasına 23,3 milyon manat ayrılıb
Bakı, 12 avqust, AZƏRTAC
Prezident İlham Əliyev avqustun 12-də “R-16 Qorağan-Qax-Zaqatala avtomobil yolunun Qax-Zaqatala hissəsinin bərpası ilə bağlı əlavə tədbirlər haqqında” Sərəncam imzalayıb.
AZƏRTAC xəbər verir ki, “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”na uyğun olaraq, R-16 Qorağan-Qax-Zaqatala avtomobil yolunun Qax-Zaqatala hissəsinin bərpası ilə bağlı işlər görülməkdədir. Böyük Qafqaz sıra dağlarının cənub ətəyində yerləşən, mühüm turizm marşrutuna daxil olan, Qax və Zaqatala rayonlarının 37,3 min nəfərdən çox əhali yaşayan 22 yaşayış məntəqəsini birləşdirən bu avtomobil yolunun müasir tələblərə uyğun yenidən qurulması bölgədə nəqliyyat xidmətlərinin daha da yaxşılaşmasına imkan verəcək.
Sərəncama əsasən, Qorağan-Qax-Zaqatala avtomobil yolunun 29,8 kilometrlik Qax-Zaqatala hissəsinin bərpası layihəsinin davam etdirilməsi məqsədilə “Azərbaycan Respublikasının 2017-ci il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 27 dekabr tarixli Fərmanının 1.14.3.3.9-cu yarımbəndində nəzərdə tutulmuş vəsaitdən “Azəravtoyol” Açıq Səhmdar Cəmiyyətinə 23,3 milyon manat ayrılıb.