REGİONLAR


Qax məktəblilərini cənub bölgəsində maraqlı ekskursiyalar gözləyir VİDEO

A+ A

Qax, 17 noyabr, Mustafa Dadaşov, AZƏRTAC

Azərbaycan Prezidenti İlham Əliyevin tövsiyəsinə əsasən “Ölkəmizi tanıyaq” devizi ilə keçirilən maarifləndirici tur-aksiyanın növbəti mərhələsi çərçivəsində Qax rayonunun məktəblilərindən ibarət qrup noyabrın 17-də səhər saatlarında Lənkəran-Astara-Masallı marşrutu üzrə respublikamızın cənub bölgəsinə yola salınıb.

AZƏRTAC xəbər verir ki, məktəbliləri yola salmaq üçün Qax şəhərindəki Heydər Əliyev Mərkəzinə toplaşan rayon icra hakimiyyətinin nümayəndələri, müəllim və valideynlər aksiya iştirakçılarına tövsiyələrini verir, səfər zamanı necə davranmalı olduqlarını bir daha izah edirdilər.

Mərasimdə rayon icra hakimiyyəti başçısının müavini Vəfa Heydərova çıxış edərək, ölkəmizdə gənclərin hərtərəfli inkişafı üçün yaradılan şəraitdən, onlara göstərilən yüksək dövlət qayğısından bəhs edib, belə layihələrin yeniyetmə və gənclərin dünyagörüşlərinin zənginləşməsində mühüm rol oynadığını vurğulayıb.

Bildirilib ki, Qax məktəbliləri layihənin əvvəlki mərhələlərində ölkəmizin şimal bölgəsinin tarixi məkanları ilə yaxından tanış olmaq imkanı əldə ediblər. Bu mərhələdə isə onları cənub bölgəsində maraqlı ekskursiyalar gözləyir. Səyahət zamanı məktəblilər Lənkəran, Astara və Masallı rayonlarında Heydər Əliyev mərkəzlərini, muzeyləri ziyarət edəcək, tarixi abidələrlə tanış olacaqlar. Məktəblilər, həmçinin Hirkan Milli Parkına, Xanbulan gölünə, çay plantasiyaları və sitrus meyvə bağlarına, çay fabrikinə, Viləşçay su anbarına ekskursiya edəcək, bu rayonların görməli yerləri ilə tanış olacaqlar.

Valideynlər adından çıxış edən Fəridə Sofiyeva bu tur-aksiyanın Prezident İlham Əliyevin təhsilin inkişafına, gənc nəslin Vətənə məhəbbət ruhunda tərbiyə olunmasına verdiyi böyük önəmin bariz nümunəsi olduğunu bildirib.

Tur-aksiya iştirakçısı, Qax şəhərindəki 4 saylı tam orta məktəbin 11-ci sinif şagirdi Çimnaz Əmişova sevinc hisslərini AZƏRTAC-ın müxbiri ilə bölüşərək deyib: “Ölkəmizi tanıyaq” layihəsi biz məktəblilərin dünyagörüşünün artmasında böyük rol oynayır. Bu layihə sayəsində ölkəmizin digər guşələrinin tarixi, mədəniyyəti, coğrafi şəraiti ilə yaxından tanış olmaq imkanı əldə edirik. Tur-aksiyanın iştirakçısı olduğuma görə sevincim hədsizdir. Ölkəmizin cənub bölgəsində olmaq çoxdankı arzum idi. Prezidentimizin təşəbbüsü ilə reallaşan bu layihə sayəsində tezliklə arzuma çatacağam”.

Qax şəhərindəki 5 saylı tam orta məktəbin 11-ci sinif şagirdi Fəqan Orucov, 3 saylı məktəbin 10-cu sinif şagirdi Xuraman Əlimova, 1 saylı məktəbin 9-cu sinif şagirdi Məhəmməd Mahmudov və digər məktəblilər də aksiyada iştirak etdiklərinə görə böyük sevinc hissi keçirdiklərini vurğulayıb, onlara belə layihə hədiyyə etdiyinə görə Qax məktəbliləri adından Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.

Sonra tur-aksiya iştirakçıları onlar üçün ayrılmış avtobusla cənub bölgəsinə yola düşüblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.