REGİONLAR
Qax rayonunun 8 seçki məntəqəsində səsvermənin gedişi veb-kameralar vasitəsilə izləniləcək
Qax, 19 dekabr, AZƏRTAC
Dekabrın 23-nə təyin edilmiş bələdiyyə seçkilərində 112 saylı Qax seçki dairəsi dairə seçki komissiyasının tərkibinə daxil olan 8 məntəqədə səsvermənin gedişi veb-kameralar vasitəsilə izləniləcək.
Bu barədə AZƏRTAC-a dairə seçki komissiyasının sədri Abdukərim Əliyev məlumat verib. Komissiya sədrinin bildirdiyinə görə, 41 min 441 seçicinin qeydə alındığı dairədə səsvermə 58 seçki məntəqəsində keçiriləcək. Bütün məntəqələr lazımi avadanlıqla, rabitə və digər texniki vasitələrlə təchiz edilib. Dairə və məntəqə seçki komissiyaları üzvlərinin peşəkarlığının artırılması məqsədilə seçki ərəfəsində komissiya üzvləri üçün ixtisaslaşdırılmış təlim kursları keçirilib. Çünki seçkilərin azad, şəffaf və demokratik keçirilməsi, ilk növbədə, dairə və məntəqə seçki komissiyalarının fəaliyyətindən, komissiya üzvlərinin peşəkarlıq səviyyəsindən asılıdır.
Seçkilərdə bu dairə üzrə 18 bələdiyyəyə 166 bələdiyyə üzvünün seçilməsi nəzərdə tutulur. Namizədlərin sayı isə 503 nəfərdir. Onlardan 213 nəfəri Yeni Azərbaycan Partiyasını, 270 nəfər isə bitərəfləri təmsil edirlər. 20 nəfərin namizədliyi digər siyasi partiyalar tərəfindən irəli sürülüb. Namizədlərin 133 nəfəri qadındır. Səsvermənin gedişini müxtəlif siyasi partiyaları və ictimai birlikləri təmsil edən 623 nəfər yerli müşahidəçi izləyəcək.