REGİONLAR


Qax rayonunun Alatəmir-Marsan-Tasmalı-Zəyəm-Lələli avtomobil yolu yenidən qurulur VİDEO

A+ A

Bakı, 24 sentyabr, AZƏRTAC

Qax rayonunun Alatəmir-Marsan-Tasmalı-Zəyəm-Lələli avtomobil yolunun tikintisi ilə bağlı “Azəravtoyol” ASC tərəfindən müvafiq işlər davam etdirilir.

ASC-nin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, Alatəmir-Marsan-Tasmalı-Zəyəm-Lələli avtomobil yolunun uzunluğu 28,7 kilometrdir.

Tikinti layihəsi çərçivəsində yol 2 hərəkət zolaqlı olmaqla 4-cü texniki dərəcəyə uyğun olaraq yenidən qurulur. Zəruri olan yerlərdə yol yatağının yararsız qruntu qazılaraq çıxarılıb. Bunun əvəzinə karbonat materialı tökülərək yenidən kipləşdirilib. Hazırda qum-çınqıl qarışığı və optimal qırmadaş qarışığından ibarət yol geyiminin əsasının tikintisi işləri aparılır. Daha sonra yola 2 qat olmaqla yeni asfalt-beton örtüyü döşənəcək.

Layihəyə uyğun olaraq yol yatağının eni 10 metr təşkil edir. Buraya 6 metr yolun hərəkət hissəsi və hər bir istiqamət üzrə 2 metr olmaqla çiyinlər daxildir.

Yenidənqurma işləri çərçivəsində həmçinin uzunluğu 12 metr olan Qaraçay və uzunluğu 24 metr təşkil edən Qapıçay çayları üzərində yeni körpülər inşa edilib.

Bundan başqa zəruri olan yerlərdə suötürücü boruların tikintisi də aparılır. Ümumilikdə yol boyu 410 metr müxtəlif diametrli su borularının tikintisinin aparılması nəzərdə tutulub.

Bütün işlər tərtib olunmuş qrafikə uyğun aparılır və əraziyə lazımi sayda qüvvə cəlb olunub.

Tikinti işləri yekunlaşdırıldıqdan sonra hərəkətin normal təşkili üçün zəruri olan yerlərdə yol nişanları quraşdırılacaq, yolun üfüqi nişanlama xətlərinin çəkilişi işləri aparılacaq.

Alatəmir-Marsan-Tasmalı-Zəyəm-Lələli avtomobil yolu 7 mindən çox əhalinin yaşadığı 8 yaşayış məntəqəsini birləşdirir. Yolun tikintisi ilə yük və sərnişin daşınması xeyli yaxşılaşacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.