REGİONLAR
Qax rayonunun Tasmalı kəndinə ilk dəfə təbii qaz verilib VİDEO
Qax, 4 mart, Mustafa Dadaşov, AZƏRTAC
Qax rayonunun yaşayış məntəqələrinin qazlaşdırılması istiqamətində tədbirlər uğurla davam etdirilir. Martın 4-də rayonun Tasmalı kəndinə ilk dəfə təbii qaz verilib.
AZƏRTAC xəbər verir ki, 377 abonenti olan kəndin qazlaşdırılması üçün birpilləli sistem əsasında ümumi uzunluğu 21 min 798 metr olan müxtəlif diametrli metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib, mənzillərə sayğac və fərdi tənzimləyicilər quraşdırılıb.
Bu münasibətlə keçirilən mərasimdə çıxış edənlər əhalinin təbii qazla təminatının yaxşılaşdırılmasının Prezident İlham Əliyevin daim diqqət mərkəzində olduğunu bildiriblər. Vurğulanıb ki, “Azəriqaz” İstehsalat Birliyi tərəfindən ölkə ərazisinin tam qazlaşdırılması məqsədi ilə genişmiqyaslı tədbirlər həyata keçirilir. Bunun nəticəsidir ki, artıq respublikamızın ən ucqar yaşayış məntəqələri də “mavi yanacaq”la təmin olunur.
Diqqətə çatdırılıb ki, regionların 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafına dair Dövlət Proqramına uyğun olaraq, digər rayonlar kimi, Qax rayonunun yaşayış məntəqələrinin də mərhələli şəkildə qazlaşdırılması üçün zəruri tədbirlər görülür. Hazırda rayonun 21 yaşayış məntəqəsi təbii qazdan istifadə edir. Yaxın günlərdə daha bir kəndə “mavi yanacaq” veriləcək.
Tədbirdə çıxış edən kənd sakinləri yaşayış məntəqəsinə təbii qazın verilməsinə görə Azərbaycan Prezidenti İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.
Sonra qaz xəttinin açılışını bildirən məşəl alovlandırılıb.