REGİONLAR
Qax rayonunun üç kəndinə ilk dəfə təbii qaz verilib VİDEO
Qax, 30 oktyabr, Mustafa Dadaşov, AZƏRTAC
Oktyabrın 30-da Qax rayonunun daha üç yaşayış məntəqəsinə - İngiloy-Kötüklü, Qaratala və Uzuntala kəndlərinə ilk dəfə təbii qaz verilib.
AZƏRTAC xəbər verir ki, 359 abonenti olan bu kəndlərin qazlaşdırılması üçün birpilləli sistem əsasında ümumi uzunluğu 37 min 980 metr olan müxtəlif diametrli metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib, mənzillərə sayğac və fərdi tənzimləyicilər quraşdırılıb.
Bu münasibətlə İngiloy-Kötüklü kəndində keçirilən mərasimdə “Azəriqaz” İstehsalat Birliyi tərəfindən rayonun yaşayış məntəqələrinin qazlaşdırılması istiqamətində görülən işlərdən bəhs edilib. Bildirilib ki, cari ildə bu kəndlər də daxil olmaqla, rayonun 6 kəndinə “mavi yanacaq” verilib. Hazırda Qax rayonunun 19 yaşayış məntəqəsinin əhalisi təbii qazdan istifadə edir. Bundan əlavə, Tasmalı, Zəyəm və İlisu kəndlərinin qazlaşdırılması istiqamətində iş davam etdirilir.
Kənd sakinləri əhalinin sosial proqlemlərinin həllinə göstərdiyi diqqət və qayğıya görə dövlətimizin başçısına minnətdarlıqlarını bildiriblər.
Sonra qaz xəttinin açılışını bildirən məşəl alovlandırılıb.