REGİONLAR
Qax şəhərində 100 yerlik uşaq bağçasının tikintisi başa çatıb
Qax, 5 avqust, Mustafa Dadaşov, AZƏRTAC
Heydər Əliyev Fondunun həyata keçirdiyi “Məktəbəqədər təhsil müəssisələrinin inkişafı” proqramı çərçivəsində Qax şəhərində ötən il inşasına başlanılan 100 yerlik iki uşaq bağçasından birinin tikintisi artıq başa çatıb.
AZƏRTAC xəbər verir ki, şəhərin 28 May küçəsində inşa edilən ikimərtəbəli bağça binasında yataq, məşğələ və qrup otaqları, mətbəx, yeməkxana, musiqi zalı yerləşir. Bütün otaqlar zəruri inventar və avadanlıqla təchiz edilib. Binanın həyəti tam abadlaşdırılıb, uşaqlar üçün istirahət guşələri yaradılıb. Uşaq bağçasında 5 qrup fəaliyyət göstərəcək.
Şəhərin İsmayıl Dağıstanlı küçəsində inşa edilən 100 yerlik digər uşaq bağçasının tikintisində isə hazırda daxili tamamlama işləri görülür. Hər iki uşaq bağçasının cari il ərzində istifadəyə verilməsi nəzərdə tutulur.