REGİONLAR
Qax şəhərinin qədim yaşayış məhəlləsi – “İçəribazar”da kamera musiqisi səsləndirilib VİDEO
Qax, 10 avqust, Mustafa Dadaşov, AZƏRTAC
Heydər Əliyev Fondunun təşkil etdiyi VIII Qəbələ Beynəlxalq Musiqi Festivalının iştirakçısı, Ukraynanın “Kiyev virtuozları” Kamera Orkestri artıq üçüncü gündür ki, şimal-qərb bölgəsinin musiqisevərlərini bir-birindən maraqlı konsert proqramları ilə sevindirir, tamaşaçılara xoş anlar bəxş edir.
AZƏRTAC xəbər verir ki, festival çərçivəsində orkestrin növbəti səyyar konserti avqustun 10-da axşam Qax şəhərindəki “İçəribazar” Turizm və Mədəniyyət Mərkəzində olub. Yay səhnəsində keçirilən konsertdə yerli musiqisevərlər, həmçinin şəhərin qonaqları iştirak ediblər.
Rayon icra hakimiyyətinin başçısı Musa Şəkiliyev qeyd edib ki, Qəbələ Beynəlxalq Musiqi Festivalı çərçivəsində artıq 4 ildir Qax şəhərinin bu tarixi məkanında tanınmış musiqi kollektivlərinin çıxışları olur. Artıq ikinci ildir ki, “Kiyev virtuozları” kamera orkestrinin iştirakı ilə səyyar konsertlər keçirilir. O, konsertlərin təşkilinə görə festivalın rəhbərlərinə minnətdarlığını bildirib.
Festivalın bədii rəhbəri, “Kiyev virtuozları” Kamera Orkestrinin musiqi rəhbəri, İsrailin Yerusəlim Simfonik Orkestrinin dirijoru, dünya şöhrətli violençel ustası Dmitri Yablonskinin dirijorluğu ilə keçən konsertdə orkestri violində Yerusəlim Simfonik Orkestrinin konsertmeysteri, Yerusəlim Musiqi Akademiyasının müəllimi, tanınmış violin ifaçısı Janna Qandelman müşayiət edib.
Görkəmli Azərbaycan bəstəkarı Fikrət Əmirovun “Nizami” simfoniyasından “final” hissənin ifası ilə başlanan konsertdə V.A.Motsartın “Skripka və kamera orkestri üçün 5 saylı konsert”, P.Çaykovskinin “Florensiya xatirələri”, Q.Qarayevin “7 gözəl” və “İldırımlı yollarla” baletlərindən parçalar səsləndirilib.
Kollektivin çıxışı tamaşaçılar tərəfindən alqışlarla qarşılanıb.
“Kiyev virtuozları” Kamera Orkestrinin növbəti səyyar konserti avqustun 11-də Şəki şəhərində olacaq.