RƏSMİ SƏNƏDLƏR


Qax şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihəsinin davam etdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası regionlarının ahəngdar inkişafı, əhalinin layiqli həyat səviyyəsinin təmin edilməsi ölkədə həyata keçirilən sosial-iqtisadi inkişaf konsepsiyasının prioritetlərindəndir. Son illər bu sahədə qəbul olunmuş dövlət proqramlarının uğurla icrası nəticəsində regionların içməli su təchizatı və kanalizasiya infrastrukturu müasir tələblərə uyğun olaraq yenidən qurulmuş, sakinlərin içməli su ilə fasiləsiz təminatı sahəsində mühüm nailiyyətlər əldə edilmişdir. 

Bu tədbirlərin davamı olaraq, Qax şəhərində su təchizatı və kanalizasiya xidmətlərinin yaxşılaşdırılması, əhalinin içməli su ilə fasiləsiz təmin olunması məqsədilə həyata keçirilən şəhərin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihəsinin növbəti mərhələsi kimi, həcmi 2x500 kubmetr olan beş su anbarında tamamlama işlərinin başa çatdırılması, həcmi 2x500 kubmetr olan bir su anbarının, diametrləri 110-160 mm, uzunluğu 14,4 km olan paylayıcı su şəbəkəsinin, diametrləri 200-500 mm, uzunluğu 1,35 km olan kanalizasiya şəbəkəsinin tikintisi və ilkin mərhələdə görülən işlər nəticəsində sökülmüş 7722 kvadratmetr asfalt örtüyünün bərpası zərurəti yaranmışdır.

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Qax şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması istiqamətində həyata keçirilən işlərin davam etdirilməsi məqsədilə qərara alıram:

1. “Azərbaycan Respublikasının 2017-ci il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 27 dekabr tarixli 1180 nömrəli Fərmanının 1.14.3.3.9-cu yarımbəndində nəzərdə tutulmuş vəsaitdən “Azərsu” Açıq Səhmdar Cəmiyyətinə 2,99 milyon (iki milyon doqquz yüz doxsan min) manat ayrılsın.

2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində nəzərdə tutulan məbləğdə maliyyələşməni təmin etsin.

3. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 5 avqust 2017-ci il.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin