REGİONLAR
Qax şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihəsinin davam etdirilməsi üçün 2,99 milyon manat ayrılıb
Bakı, 5 avqust, AZƏRTAC
Prezident İlham Əliyev avqustun 5-də “Qax şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihəsinin davam etdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Sərəncam imzalayıb.
Sərəncamda qeyd olunur ki, Azərbaycan Respublikası regionlarının ahəngdar inkişafı, əhalinin layiqli həyat səviyyəsinin təmin edilməsi ölkədə həyata keçirilən sosial-iqtisadi inkişaf konsepsiyasının prioritetlərindəndir. Son illər bu sahədə qəbul olunmuş dövlət proqramlarının uğurla icrası nəticəsində regionların içməli su təchizatı və kanalizasiya infrastrukturu müasir tələblərə uyğun olaraq yenidən qurulub, sakinlərin içməli su ilə fasiləsiz təminatı sahəsində mühüm nailiyyətlər əldə edilib.
Bu tədbirlərin davamı olaraq, Qax şəhərində su təchizatı və kanalizasiya xidmətlərinin yaxşılaşdırılması, əhalinin içməli su ilə fasiləsiz təmin olunması məqsədilə həyata keçirilən şəhərin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihəsinin növbəti mərhələsi kimi, həcmi 2x500 kubmetr olan beş su anbarında tamamlama işlərinin başa çatdırılması, həcmi 2x500 kubmetr olan bir su anbarının, diametrləri 110-160 mm, uzunluğu 14,4 km olan paylayıcı su şəbəkəsinin, diametrləri 200-500 mm, uzunluğu 1,35 km olan kanalizasiya şəbəkəsinin tikintisi və ilkin mərhələdə görülən işlər nəticəsində sökülmüş 7722 kvadratmetr asfalt örtüyünün bərpası zərurəti yaranıb.
AZƏRTAC xəbər verir ki, Qax şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması istiqamətində həyata keçirilən işlərin davam etdirilməsi məqsədilə “Azərbaycan Respublikasının 2017-ci il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 27 dekabr tarixli 1180 nömrəli Fərmanının 1.14.3.3.9-cu yarımbəndində nəzərdə tutulmuş vəsaitdən “Azərsu” Açıq Səhmdar Cəmiyyətinə 2,99 milyon manat ayrılıb.