REGİONLAR
Qax tütün istehsalı və emalı məntəqəsi istehsalçılardan tütün qəbuluna başlayıb
Qax, 21 avqust, Mustafa Dadaşov, AZƏRTAC
Qax rayonunun təsərrüfatlarında tütün yığımına başlanılıb. Yığılmış yaş tütün qurudulmaq üçün “İnter-Tobacco” MMC-nin rayonda fəaliyyət göstərən tütün istehsalı və emalı məntəqəsinə gətirilir. Məntəqədə Bolqarıstanın “Ronis” şirkətinin istehsalı olan 60 ədəd tütünqurutma kamerası quraşdırılıb.
Məntəqənin müdiri Məmmədəli Sultanov AZƏRTAC-a bildirib ki, hələlik məntəqəyə gün ərzində 7-8 ton yaş tütün daxil olur. Yığım sürətləndikcə, bu göstərici də artacaq. Məntəqəyə gətirilən yaş tütün qurudulmaq üçün birbaşa kameralara qoyulur. Bu texnologiyanın ən üstün cəhəti odur ki, istehsalçılar artıq yaş tütünün ipə düzülməsi və qurudulması kimi əziyyətli və çox vaxt aparan işdən azad olublar.
Xatırladaq ki, cari ildə Qax rayonunda 298 hektar sahədə tütün əkilib. Tütün əkini sahələri əvvəlki illə müqayisədə 103 hektar artıb.