REGİONLAR
Qax və Balakən məktəbliləri müstəqil həyata qədəm qoyublar
Qax, 14 iyun, Mustafa Dadaşov, AZƏRTAC
İyunun 14-də Qax rayonunun 30 tam orta məktəbini bitirən 502 şagird üçün “son zəng” çalınıb. Bu münasibətlə keçirilən mərasimlərdə məktəb kollektivləri, yerli icra və bələdiyyə orqanlarının, idarə və müəssisələrin rəhbər və məsul işçiləri, valideynlər iştirak ediblər.
AZƏRTAC xəbər verir ki, respublikanın tanınmış təhsil ocaqlarından biri olan şəhid Namiq Allahverdiyev adına Qax şəhər 2 nömrəli məktəb-liseydə keçirilən “son zəng” mərasimi Azərbaycanın Dövlət Himninin oxunması ilə başlanıb.
Tədbirdə məktəb-liseyin direktoru Şəkər Abdullayeva çıxış edərək, ölkəmizdə təhsilin inkişafına göstərilən yüksək dövlət qayğısından danışıb, bu təhsil ocağının ötən tədris ilində qazandığı uğurlardan bəhs edib. Bildirilib ki, tədris ilinin yekunları liseyin şagirdləri üçün uğurlu olub. Məktəblilər respublika fənn olimpiadalarında, beynəlxalq və respublika səviyyəli yarış və müsabiqələrdə, layihələrdə iştirak edib, medal və sertifikatlar qazanıblar.
Vurğulanıb ki, iki dəfə “Ən yaxşı ümumtəhsil məktəbi” respublika müsabiqəsinin qalibi adını qazanan məktəb-lisey qabaqcıl təhsil ənənələri ilə seçilir. Bu təhsil ocağı respublika üzrə ən yüksək təhsil göstəricilərinə malik olan 100 məktəbdən biridir.
“Son zəng” mərasimlərində çıxış edənlər məzunları müstəqil həyata qədəm qoymaları münasibətilə xoş arzularını çatdırıb, onlara müəllimlərin etimadını layiqincə doğrultmağı, Vətənimizə layiqli insan kimi yetişməyi tövsiyə ediblər.
Onbirincilərin hazırladıqları bədii proqramdan sonra “son zəng” çalınıb və məzunlarla birincilərin görüşü olub.
X X X
Bu il Balakən rayonunun məktəblərini 782 şagird bitirir. Məzunlar tədris ili ərzində müəllimlərin tapşırıqlarını layiqincə yerinə yetirib, təhsildə və məktəbin ictimai həyatında fərqləniblər. Məzunlardan iki nəfər respublika fənn olimpiadasında uğur qazanıb, bir nəfər Təhsil Nazirliyi tərəfindən keçirilən müsabiqədə ikinci yer tutub.
AZƏRTAC xəbər verir ki, iyunun 14-də rayonun 35 tam orta məktəbində tədris ilinin başa çatması münasibətilə “son zəng” mərasimləri keçirilib. Bayram əhvali-ruhiyyəsi ilə davam edən tədbirlərdə məktəb kollektivlərinin ötən tədris ilində qazandıqları uğurlardan geniş söhbət açılıb.
Çıxış edənlər müstəqil həyata yenicə qədəm qoymağa hazırlaşan gəncləri təbrik edib, onlara Azərbaycanın işıqlı gələcəyi naminə təhsildə və əmək fəaliyyətlərində uğurlar arzulayıblar.
“Son zəng” mərasimləri onbirincilərin və onlardan estafeti qəbul edən birincilərin hazırladıqları bədii proqramla başa çatıb.