REGİONLAR
Qax və Zaqatala rayonlarında payızlıq taxıl səpini mütəşəkkil aparılır
Qax, 23 noyabr, Mustafa Dadaşov, AZƏRTAC
Qax və Zaqatala rayonlarının təsərrüfatlarında 2017-ci ilin məhsulu üçün payızlıq taxıl səpini mütəşəkkil aparılır. Mövsümün əvvəlində havaların yağıntılı, son günlər isə şaxtalı keçməsinə baxmayaraq, fermerlər səpinin optimal müddətdə başa çatdırılması üçün bütün qüvvələri səfərbər ediblər.
Qax Rayon İcra Hakimiyyətindən AZƏRTAC-a bildiriblər, cari mövsümdə rayonda 12 min hektar sahədə payızlıq taxıl səpini proqnozlaşdırılır. İndiyədək 9516 hektar sahəyə toxum səpilib. Taxıl əkinlərinin 6902 hektarını buğda, 2614 hektarını isə arpa sahələri təşkil edir.
Zaqatala rayonunda da gələn ilin məhsulu üçün 12 min hektardan çox sahədə payızlıq taxıl səpini nəzərdə tutulub. Səpin üçün 3600 tondan çox yüksək reproduksiyalı toxum fondu ayrılıb. Son məlumata görə, indiyədək rayonun təsərrüfatlarında 9166 hektar sahəyə taxıl səpilib.