REGİONLAR
Qax və ətraf rayonların sahibkarlarına 330 min manat güzəştli kredit verilib VİDEO
Qax, 14 aprel, Mustafa Dadaşov, AZƏRTAC
İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondunun (SKMF) təşkilatçılığı ilə aprelin 14-də Qax rayonunun Zəyəm kəndində keçirilən işgüzar forum çərçivəsində Qax və ətraf rayonlardan olan 32 sahibkara 330 min manat güzəştli kredit verilib. Verilən kreditlər əsasən, taxılçılıq, heyvandarlıq, arıçılıq, bağçılıq, mineral su, qapı-pəncərə istehsalı sahələrinin inkişafına yönəldiləcək. Maliyyələşdirilən investisiya layihələrinin reallaşdırılması hesabına 50-yə yaxın yeni iş yerinin açılması mümkün olacaq.
AZƏRTAC xəbər verir ki, 70-ə yaxın sahibkarın iştirak etdiyi forumda əvvəlcə Qax rayonunun iqtisadi potensialının reallaşdırılması məqsədi ilə prioritet hesab olunan iri fermer, bağçılıq, cins heyvandarlıq, tütünçülük və arıçılıq təsərrüfatlarının, çörək istehsalı və meyvə emalı müəssisələrinin təşkili, otellərin yaradılması üzrə nümunəvi investisiya layihələrinin təqdimatı keçirilib, sahibkarlara nümunəvi layihələr və metodiki materiallar paylanılıb. Bildirilib ki, kiçikhəcmli investisiya layihələrinin ümumi dəyərinin 100 faizədək hissəsi dövlətin güzəştli kreditləri hesabına maliyyələşdiriləcək.
Tədbirdə Qax Rayon İcra Hakimiyyətinin başçısı Musa Şəkiliyev çıxış edərək, ölkəmizdə sahibkarlığın inkişafına göstərilən dövlət qayğısından danışıb, SKMF tərəfindən maliyyələşdirilən investisiya layihələrinin regionların iqtisadiyyatının dinamik inkişafında, yeni iş yerlərinin yaradılmasında böyük rol oynadığını vurğulayıb.
Sahibkarlığa Kömək Milli Fondunun icraçı direktoru Şirzad Abdullayev 2016-cı ilin ötən dövründə 380-ə yaxın sahibkara 40,2 milyon manat güzəştli kreditin verildiyini diqqətə çatdırıb. Vurğulanıb ki, bu kreditlərdən istifadə etməklə investisiya layihələrinin reallaşdırılması 700-ə yaxın yeni iş yerinin yaradılmasına imkan verir.
Fondun icraçı direktoru bildirib ki, ümumilikdə, indiyədək Şəki-Zaqatala iqtisadi rayonunda fəaliyyət göstərən sahibkarlıq subyektlərinin 1900-dan çox investisiya layihəsinin maliyyələşdirilməsinə 96,6 milyon manat güzəştli kredit verilib. Bu kreditlər hesabına iqtisadi rayonda müasir texnologiyaların tətbiqinə əsaslanan taxıl anbarının, cins iribuynuzlu heyvandarlıq komplekslərinin, quşçuluq fabriklərinin, üzümçülük və bağçılıq təsərrüfatlarının, ət və süd emalı, tikinti materiallarının istehsalı müəssisələrinin yaradılması və digər sahələr üzrə investisiya layihələri maliyyələşdirilib.
Tədbir çərçivəsində Qax rayonunun Qarabaldır kəndində ildə 6 min ton süd emal etmək gücündə olan heyvandarlıq müəssisəsinə baxış keçirilib.
Ümumilikdə, indiyədək illik emal gücü 207,4 min ton olan 9 süd emalı zavodunun maliyyələşdirilməsinə 21,6 milyon manat güzəştli kredit verilib.