REGİONLAR
Qaxda ASAN könüllüləri üçün “Yay məktəbi” təşkil olunub VİDEO
Qax, 29 avqust, Mustafa Dadaşov AZƏRTAC
“ASAN Könüllüləri” təşkilatının təşəbbüsü ilə Qax rayonunda “Yay məktəbi” layihəsinin icrasına başlanılıb.
Üç gün davam edəcək “Yay məktəbi”ndə “ASAN xidmət” mərkəzlərində fəaliyyət göstərən 60 könüllü iştirak edir. Proqrama uyğun olaraq layihə müddətində müxtəlif mövzularda təlimlərin, idman yarışlarının, rayonun görməli yerlərinə turların, həmçinin siyasi və ictimai xadimlərlə görüşlərin keçirilməsi nəzərdə tutulur.
“Yay məktəbi”nin əsas məqsədi gənclərin asudə vaxtlarının səmərəli keçirilməsinə nail olmaq, könüllülərin müxtəlif mövzularla bağlı biliklərini artırmaq, eyni zamanda, Azərbaycanın qədim tarixi bölgələrindən olan Qaxın tarixi və mədəniyyəti ilə yaxından tanış olmalarına şərait yaratmaqdır.
AZƏRTAC xəbər verir ki, tədbirin ilk günü, avqustun 28-də “Yay məktəbi”nin iştirakçıları Qax şəhəri və İlisu kəndindəki tarixi abidələrə baş çəkib, Azərbaycan Şən və Hazırcavablar Klubu Liqasının rəhbəri Rəşad Əzizovla görüşüblər.
Bakı şəhəri Gənclər və İdman İdarəsinin rəisi Raqif Abbasovla görüş də aktual mövzuların müzakirəsi ilə yaddaqalan olub.
Avqustun 29-da isə könüllülərin Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri İnam Kərimovla görüşü olub. Qurumun rəhbəri bildirib ki, artıq ikinci dəfə təşkil olunan “Yay məktəbi”nin məqsədlərindən biri də ASAN könüllülərini maraqlandıran məsələləri, eləcə də üzləşdikləri problemləri müzakirə etməkdir. Vurğulanıb ki, könüllülük gənclərin fərdi inkişafı üçün çox faydalı, dünyada təşviq edilən, dəstəklənən, qiymət verilən bir fəaliyyətdir. BMT tərəfindən könüllülük fəaliyyətləri proqramları daim dəstəklənir.
İnam Kərimov bildirib ki, Azərbaycanda könüllülük fəaliyyətinə ən böyük dəstək Prezident İlham Əliyev tərəfindən göstərilən qayğıdır. Dövlətimizin başçısının üç il əvvəl “ASAN xidmət” mərkəzinin açılışında könüllülərlə görüşməsi, eyni zamanda, ötən ilin dekabrında Sabirabadda keçirilən ASAN könüllülərinin Forumunda iştirak etməsi, öz tövsiyələrini verməsi bu qayğıya bariz nümunədir.
Agentliyin rəhbəri görüş zamanı könüllüləri maraqlandıran bir sıra məsələlərə aydınlıq gətirib.
Diqqətə çatdıraq ki, “Yay məktəbi”ndə iştirak edən könüllülər “ASAN Könüllüləri” təşkilatının loqosunda əks olunan dəyərlərə müvafiq olaraq “Vətənpərvərlik”, “Varislik”, “Dövlətçilik”, “Şəbəkə”, “Fərqlilik”, “Bərabərlik”, “Vahidlik” və “İnkişaf” adlanan 8 komandaya bölünüblər. Layihə müddətində komandalar “ASAN könüllüsü hansı dəyərləri özündə əks etdirməlidir və bunun üçün təşkilat olaraq hansı tədbirlər planı həyata keçirmək lazımdır?” sualları ətrafında təqdimatlar hazırlamalıdırlar. Hazırlanan təqdimatlar münsiflər tərəfindən qiymətləndiriləcək və qalib komanda müəyyənləşəcək.
“Yay məktəbi” avqustun 30-da öz işini davam etdirəcək.