REGİONLAR
Qaxda “Dini radikalizmlə mübarizədə dini icmaların fəaliyyətinin təşkili” mövzusunda tədbir keçirilib
Qax, 25 avqust, Mustafa Dadaşov, AZƏRTAC
Mövcud təcrübə təsdiqləyir ki, dini radikalizm və ekstremizmlə mübarizədə milli mənəvi dəyərlərin, ənənəvi İslamın təbliği, tolerant və multikultural ənənələrin təşviqi məqsədi ilə hərtərəfli maarifçilik işini özündə ehtiva edən kompleks tədbirlərin həyata keçirilməsi zəruridir.
AZƏRTAC xəbər verir ki, bu fikir Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) və Qax Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə avqustun 25-də Qaxda keçirilən “Dini radikalizmlə mübarizədə dini icmaların fəaliyyətinin təşkili” mövzusunda tədbirdə səsləndirilib.
Dini icma sədrlərinin, ziyalıların, gənclərin, rayon ictimaiyyəti nümayəndələrinin iştirak etdiyi tədbiri icra hakimiyyəti başçısının birinci müavini Tahir İsmayılov açaraq ölkəmizdə dövlət-din münasibətlərinin yüksək səviyyədə olduğunu bildirib. Vurğulanıb ki, Azərbaycanda dünyaya nümunə ola biləcək tolerant mühit mövcuddur və ölkəmizdə, eləcə də Qax rayonunda müxtəlif dinlərin nümayəndələri sülh, əmin-amanlıq şəraitində yaşayırlar.
Çıxışlarda bildirilib ki, radikal qruplar bütün dinlərin içərisində var və onlar din pərdəsi altında müxtəlif siyasi maraqlarını həyata keçirirlər. Hazırda dünyada İslam dinini radikalizmə sürükləmək meyilləri artmaqdadır. Belə qüvvələrə qarşı mübarizədə yalnız aidiyyəti dövlət qurumları deyil, bütövlükdə cəmiyyət, ziyalılar, din xadimləri də yaxından iştirak etməlidirlər.
Tədbirdə rayonda mövcud dini durum barədə də məlumat verilib.
Sonda iştirakçıları maraqlandıran məsələlərə aydınlıq gətirilib.