REGİONLAR


Qaxda “Tarixin canlı səhifələri” vərəqlənib VİDEO

Qax, 26 may, Mustafa Dadaşov, AZƏRTAC

Gənclər və İdman Nazirliyi tərəfindən mayın 26-da Qax rayonunda təşkil edilən “Tarixin canlı səhifələri” adlı V Gənclər festivalı qədim tariximizin şərəf dolu səhifələrini gənc nəslə çatdırmaq baxımından böyük əhəmiyyət daşıyıb.

AZƏRTAC xəbər verir ki, Dövlət Sərhəd Xidməti və Qax Rayon İcra Hakimiyyətinin dəstəyi ilə keçirilən festivalda gənclər və idman naziri Azad Rəhimov, Dövlət Sərhəd Xidmətinin rəsmiləri, Milli Məclisin deputatları, rayon rəhbərliyi, ictimaiyyətin nümayəndələri və gənclər iştirak ediblər.

Festivalın keçirilməsində əsas məqsəd gəncləri vətənpərvərlik ruhunda tərbiyə etmək, xalqımızın hərb tarixini gənclərə əyani şəkildə çatdırmaqdır.

Dünyada geniş yayılan tarixi rekonstruksiya formatında reallaşan festivalın mövzusu XVIII əsrdə və XIX əsrin birinci yarısında mövcud olmuş İrəvan xanlığına həsr olunub.

Festivalın keçirildiyi ərazi İrəvan xanlığı üslubunda hazırlanıb.

Tədbir iştirakçıları əvvəlcə İrəvan xanlığına xas olan mədəniyyət, məişət və ənənələrin geniş şəkildə təqdim olunduğu meydan bazarı ilə tanış olublar. Bazarın bir tərəfində sənətkarlar – dəmirçilər, dulusçular, misgərlər, silah ustaları hazırladıqları məhsulları müştərilərə təklif edir, digər tərəfdə qadınlar sacda yuxa, fəsəli bişirir, bazar alverçiləri öz mallarına təriflər yağdırırdılar.

Sonra tədbir uca dağların ətəyindəki geniş talada teatrlaşdırılan tamaşa ilə davam edib. Meydanda quraşdırılan dekorasiyalarda İrəvan xanlığına aid tarixi məkanlar öz əksini tapıb. Festival iştirakçılarına təqdim olunan səhnəciklərdə İrəvan xanlığının yaranması, xanlığın öz müstəqilliyi uğrunda mübarizəsi xronoloji ardıcıllıqla, tarixi faktlarla tamaşaçıların diqqətinə çatdırılıb. Çaparların at belində göstərdikləri igidliklər, müxtəlif döyüş səhnələri tamaşaçılar tərəfindən böyük maraqla qarşılanıb. Ümumiyyətlə, tamaşanın hazırlanmasında 400-ə yaxın gənc aktyor, tələbə və idmançı iştirak edib.

Tamaşanın elmi məsləhətçisi AMEA Tarix İnstitutunun direktoru, Milli Məclisin deputatı Yaqub Mahmudovdur.

Xatırladaq ki, Gənclər və İdman Nazirliyinin layihəsi olan “Tarixin canlı səhifələri” adlı gənclər festivalları 2014-cü ildən etibarən keçirilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.