REGİONLAR


Qaxda ilk dəfə olaraq rekord miqdarda – 36,4 min ton taxıl istehsal olunub

A+ A

Qax, 20 iyul, Mustafa Dadaşov, AZƏRTAC

Cari ilin birinci yarısında Qax rayonunda iqtisadiyyatın əsas sahələri üzrə məhsul buraxılışının həcmi ötən ilin eyni dövrü ilə müqayisədə 12,1 faiz artaraq 44 milyon 953 min manat təşkil edib. Bu müddət ərzində rayonda 4 milyon 965 min manatlıq sənaye və 16 milyon 270 min manatlıq kənd təsərrüfatı məhsulları istehsal olunub. İlin birinci yarısında əhaliyə göstərilən nəqliyyat xidmətləri 2,4 faiz, rabitə xidmətləri 4,4 faiz, ticarət xidmətlərinin həcmi isə 16 faiz artıb. Əhalinin gəlirləri ötən ilin eyni dövrü ilə müqayisədə 1 milyon 9 min manat artaraq 51 milyon 436 min manat olub. Altı ayda rayonda 286 daimi iş yeri açılıb.

AZƏRTAC xəbər verir ki, bu faktlar 2016-cı ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunları ilə bağlı iyulun 20-də Qax Rayon İcra Hakimiyyətində keçirilən yığıncaqda səsləndirilib.

Bildirilib ki, Prezident İlham Əliyevin regionlarda iqtisadiyyatın, kənd təsərrüfatının ənənəvi sahələrinin dirçəldilməsi ilə bağlı verdiyi tapşırıq və tövsiyələrə uyğun olaraq rayonda tütünçülüyün və baramaçılığın inkişaf etdirilməsi istiqamətində əməli tədbirlər həyata keçirilib. Belə ki, cari ildə rayonun təsərrüfatlarında 331 hektar sahədə tütün əkilib. İndiyədək 412 ton yaşıl tütün yarpağı tədarük olunaraq emal üçün “İnter-Tobacco” MMC-nin rayonda fəaliyyət göstərən məntəqəsinə təhvil verilib. Hazırda tütün yığımı mütəşəkkil davam etdirilir.

Diqqətə çatdırılıb ki, görülmüş tədbirlər nəticəsində bu il rayonda 3884 kiloqram yüksək keyfiyyətli barama istehsal olunaraq “Şəki-İpək” ASC-yə təhvil verilib.

Həmçinin bu il rayonun tarixində ilk dəfə olaraq rekord miqdarda – 36,4 min ton taxıl istehsal olunub. Bu, ötən illə müqayisədə 7,8 min ton çoxdur.

Bildirilib ki, hesabat dövründə Qax şəhərində Kənd Təsərrüfatı Nazirliyinin yerli idarəsi üçün inzibati binanın, 180 yerlik uşaq bağçasının tikintisi başa çatdırılıb, şəhərin 28 May küçəsində 100 yerlik, Ağçay kəndində isə bir qruplu uşaq bağçası tikilərək istifadəyə verilib.

Hesabat məruzəsində, həmçinin ilin birinci yarısında əhalinin təbii qaz, elektrik enerjisi və içməli su ilə təminatının yaxşılaşdırılması sahəsində görülən işlərdən də bəhs edilib. Bildirilib ki, altı ayda rayonda 1091 mənzil qazlaşdırılıb. Elektrik şəbəkəsi tərəfindən 83 transformator yarımstansiyası əsaslı təmir olunub, 78 elektrik dayağı yenisi ilə əvəzlənib. Hazırda 13 yaşayış məntəqəsində modul tipli sutəmizləyici qurğunun tikintisi davam etdirilir.

Yığıncaqda 2016-cı ilin birinci yarısında əhalinin digər xidmətlərlə təminatının yaxşılaşdırılması, vətəndaşların ərizə və şikayətlərinə baxılması sahəsində görülən işlər ətraflı təhlil olunub, qarşıda duran vəzifələrə toxunulub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.