REGİONLAR


Qaxda ilk günlərdə qəbul məntəqəsinə 1752 kiloqram yaş barama təhvil verilib VİDEO

Qax, 5 iyun, Mustafa Dadaşov, AZƏRTAC

Qax rayonunda istehsalçılardan barama qəbuluna başlanılıb. Kümçülər ötən üç gün ərzində Qax Damazlıq İpəkçilik Stansiyasında yaradılan qəbul məntəqəsinə 1752 kiloqram yaş barama təhvil veriblər. Qəbul prosesi “Şəki-İpək” ASC-nin mütəxəssislərinin iştirakı ilə həyata keçirilib.

Stansiyanın direktoru Əkrəm Fətəliyev AZƏRTAC-a bildirib ki, bu il rayonda barama istehsalının 12,5 tona çatdırılması qarşıya hədəf qoyulub. Ötən il isə rayonda 3,9 ton yaş barama istehsal olunub. Bu il barama yetişdirilməsi ilə əlaqədar 72 istehsalçı ilə müqavilə bağlanılıb, onlara 250 qutu ipəkqurdu paylanılıb.

Rayonun Şotavar kəndindən olan Etibar Kərimov indiyədək əsasən heyvandarlıq sahəsində çalışıb. Dövlətin baramaçılığa dəstəyindən ruhlanan kənd sakini uzun illər fasilədən sonra bu il yenidən barama istehsalı ilə məşğul olmağı qərara alıb. O, bu məqsədlə 79 qram ipəkqurdu götürüb. Kərimovlar ailəsi bu il 200 kiloqram yaş barama istehsal etməyi planlaşdırır. İstehsalçı iyunun 5-də tədarük məntəqəsinə ilkin olaraq 163,5 kiloqram yaş barama təhvil verib. Kümçü ailəsi iki gün sonra məntəqəyə daha 35-40 kiloqram məhsul təhvil verməyi planlaşdırır.

Etibar Kərimov AZƏRTAC-a müsahibəsində baramaçılığın çox sərfəli və gəlirli sahə olduğunu, çəkdikləri əziyyətin hədər getmədiyini və bu il barama istehsalından öz ailə büdcələrini 1800 manat artıracaqlarını bildirib.

Rayonun Qarabaldır kənd sakini Rövşən Rəhimov da baramaçılıqla bu ildən məşğul olmağa başlayıb. Cari mövsümdə 132 kiloqram barama istehsal edən kümçü növbəti illərdə bu sahəyə daha çox diqqət ayıracağını deyib.

“Şəki-İpək” ASC-nin tədarük üzrə nümayəndəsi Nazim Nəsibovun bildirdiyinə görə, istehsalçılar ipəkqurdunun yemlənməsi işinə məsuliyyətlə yanaşıblar. Bunun nəticəsidir ki, kümçülərdən tədarük edilən yaş baramanın keyfiyyəti tələb olunan səviyyədədir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.