REGİONLAR
Qaxda inşa edilən Bayraq meydanında son tamamlama işləri görülür
Qax, 17 iyul, Mustafa Dadaşov, AZƏRTAC
Qax şəhərinin girişində inşa edilən Bayraq meydanı kompleksinin tikintisində son tamamlama işləri görülür.
AZƏRTAC xəbər verir ki, milli memarlıq üslubunda inşa edilən, qədimliyi və müasirliyi özündə ehtiva edən bu kompleks Qax şəhərinə xüsusi yaraşıq verəcək, möhtəşəmliyi ilə yerli sakinlərin və qonaqların diqqətini özünə cəlb edəcək.
Tikintisinə ötən il başlanan kompleksin ümumi ərazisi 3 hektardır. Burada quraşdırılan bayraq dirəyinin hündürlüyü 62 metrdir. Meydanın mərkəzində inşa edilən və ümumi sahəsi 730 kvadratmetr olan Bayraq muzeyində dövlət rəmzlərimiz, həmçinin ölkəmizin və Qax rayonunun tarixinə aid maraqlı məlumatlar, eksponatlar toplanacaq və nümayiş etdiriləcək. Hazırda muzeyin daxilində tərtibat işləri görülür.
Ərazidə çay daşından inşa edilən qala bürcləri və divarları kompleksə xüsusi möhtəşəmlik və əzəmət verir. Meydanda açıq havada rayonun tarixi, folkloru, məişəti və kənd təsərrüfatına aid eksponatlar, qədim təsərrüfat alətləri nümayiş etdiriləcək.
Kompleksin ərazisi tam abadlaşdırılıb, əraziyə asfalt örtüyü döşənib, dekorativ ağac və gül kolları əkilib.
Bayraq meydanı kompleksinin bu ilin payızında istifadəyə verilməsi nəzərdə tutulur.