REGİONLAR


Qaxda tütün əkini sahələri 275 hektar artıb

Qax, 20 iyul, Mustafa Dadaşov, AZƏRTAC

Bu ilin ötən dövründə Qax rayonunda ənənəvi istehsal sahələrindən olan tütünçülüyün, baramaçılığın və fındıqçılığın inkişaf etdirilməsi istiqamətində tədbirlər davam etdirilib. Belə ki, cari mövsümdə rayonda tütün əkini sahələri əvvəlki illə müqayisədə 275 hektar artırılaraq 605,8 hektara çatdırılıb. Hazırda təsərrüfatlarda tütün yığımı davam edir. Fermerlər indiyədək 430 ton yaşıl tütün yarpağı tədarük edərək “İnter-Tobacco” MMC-nin rayonda fəaliyyət göstərən tütün istehsalı və emalı məntəqəsinə təhvil veriblər. Rayonun kümçüləri isə cari mövsümdə 12,5 ton yüksək keyfiyyətli yaş barama məhsulu istehsal ediblər. Barama istehsalı ötən illə müqayisədə 8,7 ton artıb. Cari ildə rayon ərazisində 513 hektar sahədə yeni fındıq bağları da salınıb.

AZƏRTAC xəbər verir ki, bu faktlar 2017-ci ilin birinci yarısının yekunları ilə əlaqədar iyulun 20-də Qax Rayon İcra Hakimiyyətində keçirilən yığıncaqda səsləndirilib.

Rayon icra hakimiyyətinin başçısı Musa Şəkiliyevin hesabat məruzəsində bildirilib ki, 2017-ci ilin birinci yarısında rayonda iqtisadiyyatın əsas sahələri üzrə məhsul buraxılışının ümumi həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 11,2 faiz artaraq, 49 milyon 746 min manat olub. Müddət ərzində 2 milyon 389 min manatlıq sənaye, 17 milyon 167 min manatlıq kənd təsərrüfatı məhsulları istehsal edilib. Aqrar sahədə məhsul istehsalı keçən ilin eyni dövrü ilə müqayisədə 5,4 faiz artıb. Tikinti işlərinin həcmi isə 2,4 dəfə artaraq, 8 milyon 247 min manat təşkil edib. Hesabat dövründə rayonda 418 yeni, daimi iş yeri açılıb.

Diqqətə çatdırılıb ki, ölkədə aqrar-sənaye kompleksinin inkişafı ilə bağlı dövlətimizin başçısının verdiyi tapşırığa uyğun olaraq, rayonda 2044 hektar ərazidə ixtisaslaşmış aqroparkın yaradılması nəzərdə tutulur. Ötən müddət ərzində aqroparkın infrastrukturunun yaradılması istiqamətində xeyli iş görülüb. Ərazinin suvarma suyu ilə təmin olunması üçün Əyriçay dəryaçasından 4,5 kilometr uzunluğunda su xəttinin çəkilişi başa çatıb. Ərazidə 9 vaqon-ev, 1 tərəzi quraşdırılıb, ofis binaları tikilib. Aqroparkın ərazisində 50 hektar sahədə soya, 33 hektar sahədə dən üçün qarğıdalı, 19 hektarda yem üçün qarğıdalı, 43 hektar sahədə günəbaxan əkilib. Yaxın vaxtlarda “pivot” suvarma sisteminin quraşdırılmasına başlanılacaq.

Cari ildə rayonda 4 min 739 hektar sahədə yazlıq bitkilərin əkini aparılıb. Əkin sahələri ötən illə müqayisədə 714 hektar artıb. Bu il rayonun tarixində ilk dəfə olaraq rekord miqdarda – 43,2 min ton payızlıq dənlilər istehsal olunub.

Hesabat məruzəsində ilin birinci yarısında əhalinin elektrik enerjisi, təbii qaz, içməli su və digər xidmətlərlə təminatının yaxşılaşdırılması sahəsində görülən işlərdən də bəhs edilib. Bildirilib ki, hesabat dövründə rayon elektrik şəbəkəsi tərəfindən 16 transformator yarımstansiyası əsaslı təmir olunub, Qax şəhərində 1, Qaxbaş kəndində isə 10 yeni transformator yarımstansiyası quraşdırılıb. Hazırda 110/35/10 kilovoltluq yeni “Qax” yarımstansiyanın qurulması, Qax Elektrik Şəbəkəsinin yeni inzibati binasının və 35/10 kilovoltluq “İlisu” yarımstansiyasının tikintisi işləri davam etdirilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.