REGİONLAR
Qaxda və Balakəndə keçirilən dinləmələrdə insan hüquqlarının təmin edilməsi sahəsində görülən işlər müzakirə olunub
Qax, 31 may, Mustafa Dadaşov, AZƏRTAC
Demokratik, hüquqi və dünyəvi dövlət quruculuğu yolu ilə inamla irəliləyən Azərbaycan Respublikasında insan hüquqlarının müdafiəsi dövlət siyasətinin əsas istiqamətlərindən biri kimi müəyyənləşdirilib.
AZƏRTAC xəbər verir ki, bu fikir insan hüquqları üzrə müvəkkil (Ombudsman) Elmira Süleymanovanın iştirakı ilə mayın 31-də Qax şəhərində keçirilən Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramının icrası vəziyyətinə həsr olunan ictimai dinləmədə səsləndirilib.
Ombudsman Elmira Süleymanova və rayon rəhbərliyi əvvəlcə ümummilli lider Heydər Əliyevin Qax şəhərinin mərkəzində ucaldılan abidəsi önünə gül dəstələri düzüb, xatirəsini ehtiramla yad ediblər.
Rayonun rəhbər işçilərinin, hüquq mühafizə və məhkəmə orqanlarının yerli qurumlarının rəhbərlərinin, yerli icra və bələdiyyə strukturları təmsilçilərinin iştirak etdikləri tədbiri rayon icra hakimiyyətinin başçısı Musa Şəkiliyev açaraq ölkəmizdə insan hüquqlarının təmin edilməsinin dövlətin ali məqsədlərindən biri olduğunu vurğulayıb, bu sahədə rayonda görülən işlər barədə məlumat verib.
Tədbirdə insan hüquqları üzrə müvəkkil Elmira Süleymanovanın “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramının icrası vəziyyəti və qarşıda duran vəzifələr” mövzusunda məruzəsi dinlənilib.
Ombudsman əvvəlcə ölkəmizdə ordu quruculuğu sahəsində həyata keçirilən məqsədyönlü tədbirlər barədə danışıb, aprelin əvvəllərində qoşunların təmas xəttində baş verən döyüşlərdə hərbçilərimizin göstərdikləri qəhrəmanlıqlardan bəhs edib.
İnsan hüquqlarının təmin edilməsinin ölkəmizdə gedən demokratik proseslərin tərkib hissəsi kimi, daim dövlətin diqqət mərkəzində olduğunu vurğulayan Elmira Süleymanova bu hüquqların gündəlik həyatımızda öz real təminatını almaqla yanaşı, həm də hüquqi normativ sənədlərdə geniş əksini tapdığını diqqətə çatdırıb. Vurğulanıb ki, müasir dövrdə insan hüquq və azadlıqlarının təmini və səmərəli şəkildə müdafiəsi, həmçinin qanunvericilikdə təsbiti hər bir dövlətin və cəmiyyətin inkişafının mühüm faktoruna çevrilib.
Ombudsman ümummilli lider Heydər Əliyevin 1998-ci il 18 iyun tarixli Sərəncamı ilə təsdiq edilmiş “İnsan hüquqlarının müdafiəsinə dair Dövlət Proqramı”nın ölkəmizdə insan hüquqları sahəsində ilk proqram olduğunu bildirib. Diqqətə çatdırılıb ki, Prezident İlham Əliyevin 2011-ci il 27 dekabr tarixli Sərəncamı ilə təsdiq edilən Milli Fəaliyyət Proqramı 2006-cı ildən uğurla davam etdirilən İnsan Hüquqlarının Müdafiəsi üzrə Milli Fəaliyyət Planının məntiqi davamıdır. Yeni Proqram insan hüquqlarının müdafiəsinin səmərəliliyinin artırılmasının ən mühüm istiqamətlərini müəyyən edir.
Ombudsman daha sonra Milli Fəaliyyət Proqramının icrası sahəsində görülən işlər, insan hüquqlarının müdafiəsi istiqamətində həyata keçirilən tədbirlər barədə danışıb.
Məruzə ətrafında çıxışlardan sonra Elmira Süleymanova iştirakçıların suallarını cavablandırıb.
X X X
Həmin gün ombudsman Elmira Süleymanovanın iştirakı ilə Balakən rayonunda da Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramının icra vəziyyətinə həsr olunan ictimai dinləmə keçirilib.
Müvəkkil və rayon rəhbərliyi əvvəlcə ümummilli lider Heydər Əliyevin Balakən şəhərindəki mədəniyyət və istirahət parkında ucaldılan abidəsi özünə gül dəstələri düzüb, dahi rəhbərin xatirəsini ehtiramla yad ediblər.
İctimai dinləmədə ölkəmizdə ombudsman təsisatının yaradılması, insan hüquqlarının müdafiəsi sahəsində həyata keçirilən tədbirlər, Milli Fəaliyyət Proqramının icrası sahəsində görülən işlər geniş müzakirə olunub.