REGİONLAR
Qaxda xırdabuynuzlu heyvanların tələf olma səbəbləri aydınlaşıb
Bakı, 3 avqust, AZƏRTAC
Qax rayonunun Fısdıqlı kəndində xırdabuynuzlu heyvanların tələf olması ilə əlaqədar Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidmətinin (DBNX) əməkdaşları adıçəkilən kənddə və ona qonşu kəndlərdə, eləcə də Qax rayonunun digər ərazilərində araşdırmalar aparıblar.
DBNX-dən AZƏRTAC-a bildiriblər ki, aparılan araşdırmalar zamanı yalınız Fındıqlı kəndində Valeh Qurbanova məxsus təsərrüfatda bir neçə baş xırdabuynuzlu heyvanın tələf olması müəyyən edilib. Qax rayonunun digər kənd və qəsəbələrində isə heyvanlar arasında heç bir narahatçılıq qeydə alınmamış və epizootik vəziyyət sabitdir.
Dövlət Baytarlıq Nəzarəti Xidməti bununla əlaqədar bildirir ki, baytarlıq mütəxəssisləri tələfat qeydə alınan təsərrüfatda heyvanlarda patoloji yarma aparıb və həmin heyvanların kəskin fassilyozdan (qurd) tələf olmasını müəyyən ediblər. Həmçinin heyvanlardan götürülən nümunələr baytarlıq laboratoriyasında müayinə olunub və heyvanların kəskin fassilyoz xəstəliyindən tələf olması öz təsdiqini tapıb.
Tələf olmuş heyvanlar baytarlıq-sanitariya tələblərinə uyğun zərərsizləşdirilib və xəstəlik qeydə alınan həyətdə baytarlıq-sanitariya qaydalarına uyğun dezinfeksiya işləri aparılıb. Həmçinin təsərrüfat sahibləri ilə baytarlıq mütəxəssislərinin görüşü keçirilib, müəyyən baytarlıq məsləhətləri verilib. Təsərrüfat sahibinin diqqətinə çatdırılıb ki, baytarlıq resepti əsasında kəskin fassilyoz xəstəliyinə qarşı sahibkarın öz hesabına dərman preparatları alınsın və baytarlıq mütəxəssisinin nəzarəti altında heyvana tətbiq edilsin.
Dövlət Baytarlıq Nəzarəti Xidməti təsərrüfat sahiblərinin nəzərinə çatdırır ki, heyvanlarda özbaşına müalicə-profilaktika tədbirləri aparılmamalı, heyvanlar baytarlıq-sanitariya tələblərinə cavab verən şəraitdə saxlanılmalıdır. Həmçinin tövsiyə olunur ki, heyvanlarda hər hansı narahatlıq olarsa, vaxtlı-vaxtında sahə baytarlıq məntəqələrinə, rayon (şəhər) baytarlıq idarələrinə müraciət olunsun, bütün müalicə-profilaktika tədbirləri baytar həkiminin iştirakı və nəzarəti altında aparılsın.
Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidməti aparılan araşdırmaların nəticəsinə əsasən bildirir ki, respublikada epizootik vəziyyət sabitdir və vəziyyətə nəzarət olunur.