REGİONLAR
Qaxda yol kənarlarına iki mindən çox ağac əkilib VİDEO
Qax, 10 may, Mustafa Dadaşov, AZƏRTAC
Xalqımızın ümummilli lideri Heydər Əliyevin anadan olmasının 94-cü ildönümünə həsr olunmuş silsilə tədbirlər çərçivəsində mayın 10-da Qax rayonunda təşkil edilən ağacəkmə aksiyası zamanı yeni tikilməkdə olan Qax-Zaqatala avtomobil yolunun kənarlarında 2 mindən çox sərv, çinar, palma və digər ağac növləri əkilib. Aksiya zamanı, eyni zamanda, Qax şəhərinin park və xiyabanlarında çoxlu sayda bəzək və gül kolları əkilib, əvvəl əkilən gül kollarına qulluq olunub.
AZƏRTAC xəbər verir ki, Ulu Öndərin doğum günü münasibətilə mayın 10-da rayon rəhbərliyi və ictimaiyyətin nümayəndələri dahi şəxsiyyətin şəhərin mərkəzi meydanında ucaldılan abidəsi önünə gül dəstələri düzüb, xatirəsinə ehtiramlarını bildiriblər.
Heydər Əliyev Mərkəzində keçirilən elmi-praktik konfransda çıxış edənlər bütün həyatını və fəaliyyətini xalqının xoşbəxtliyinə həsr etmiş Ümummilli Liderin Azərbaycanın inkişafı və tərəqqisi naminə misilsiz xidmətlərindən söz açıb, onun əziz xatirəsinin qəlbimizdə daim yaşayacağını, heç vaxt yaddaşlardan silinməyəcəyini bildiriblər.
Konfransın sonunda Ulu Öndərin həyat və fəaliyyətindən bəhs edən sənədli film nümayiş etdirilib.