REGİONLAR
Qaxın avtomobil yollarında nəqliyyat vasitələrinin fasiləsiz hərəkəti təmin olunub VİDEO
Qax, 28 yanvar, Mustafa Dadaşov, AZƏRTAC
İki gündür davam edən qarlı-şaxtalı hava şəraiti ilə əlaqədar Qax rayonunun yol işçiləri gücləndirilmiş iş rejimində fəaliyyət göstərirlər. Avtomobil yollarının qardan təmizlənməsi, nəqliyyatın fasiləsiz hərəkətinin təmin olunması üçün 13 nömrəli “Yol İstismar” MMC tərəfindən lazımi tədbirlər görülür. İdarənin bütün texnikası avtomobil yollarının qardan təmizlənməsinə səfərbər olunub.
AZƏRTAC xəbər verir ki, ən çox qar rayonun dağlıq ərazilərində yerləşən kəndlərində müşahidə olunur. Hazırda Sarıbaş kəndində qarın qalınlığı 70 santimetrdən yuxarı, İlisuda 60-65 santimetr, Ağçay kəndində 40-50 santimetr, digər yaşayış məntəqələrində isə 20-30 santimetr təşkil edir. Dağlıq ərazilərə qarın yağması hazırda da davam edir.
Görülmüş tədbirlər nəticəsində Qax-İlisu-Sarıbaş, Qax-Qaşqaçay-Armudlu, Qorağan-Qax-Zaqatala, Qax-Şəki avtomobil yollarında nəqliyyat vasitələrinin fasiləsiz hərəkəti təmin olunub. Eyni zamanda, şəhərin küçələri də qardan təmizlənib. Avtomobil yollarının qardan təmizlənməsi gün ərzində davam etdiriləcək.