REGİONLAR
Qaxın dağ çaylarında sahilbərkitmə işləri aparılır
Qax, 29 avqust, Mustafa Dadaşov, AZƏRTAC
Qax rayonunun yaşayış məntəqələrini və əkin sahələrini baş verə biləcək sel təhlükəsindən qorumaq məqsədi ilə rayon ərazisindən axan dağ çaylarında bu ilin ötən dövründə 470 metr uzunluğunda beton bəndlər tikilib.
Bu barədə AZƏRTAC-a rayon Suvarma Sistemləri İdarəsinin rəisi Soltan Camalov məlumat verib.
Qurumun rəsmisinin sözlərinə görə, Ağçay kəndinin yuxarı hissəsinin mühafizəsi üçün çayın sağ sahilində 100, İlisu kəndinin mühafizəsi üçün Hamamçayın sol sahilində 50, Zərnə kəndinin mühafizəsi üçün Zərnə çayının sol sahilində 100, Kürmük çayının Qax şəhəri ərazisindən keçən hissəsində isə 220 metr uzunluğunda daş-beton və dəmir-beton bəndlər inşa edilib. Hazırda Kürmük çayının sahilində 80 metr uzunluğunda beton bəndin tikintisi, həmçinin İbaxlı kəndinin mühafizəsini təmin edən mövcud bəndlərdə təmir işləri aparılır.
Bundan əlavə, əkin sahələrinin suvarılmasını təmin etmək üçün ötən müddətdə Qobala çayında 300 metr uzunluğunda beton üzlüklü kanal inşa edilib, Qaxmuğal suvarma kanalında 210 metr uzunluğunda beton üzlüklü kanal təmir olunub. Hazırda isə rayon ərazisindən axan çayların məcraları və suvarma kanalları lildən təmizlənir.
Görülən işlər Meliorasiya və Su Təsərrüfatı ASC-nin sifarişi əsasında həyata keçirilir.