REGİONLAR
Qaxın kitabxana fondlarında 300 mindən çox kitab var
Qax, 18 may, Mustafa Dadaşov, AZƏRTAC
Bilik mənbəyi olan kitab xalqın milli sərvətidir. Bu sərvətin saxlanmasında, nəsildən-nəslə çatdırılmasında, cəmiyyətin intellektual və mənəvi potensialının artırılmasında kitabxanalar əvəzsiz rol oynayır. Azərbaycan qədim dövrlərdən başlayaraq öz yüksək kitab mədəniyyəti ilə seçilib, zəngin kitabxanaları ilə tanınıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu fikirlər xalqımızın ümummilli lideri Heydər Əliyevin anadan olmasının 95 və Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 100 illiyi münasibətilə mayın 18-də Qaxda keçirilən “Kainatın sirrini kitablar açar” adlı Kitab bayramında səsləndirilib.
Tədbir iştirakçıları əvvəlcə bayramın keçirildiyi ümummilli lider Heydər Əliyevin adını daşıyan parkda təşkil edilən kitab sərgiləri ilə tanış olublar. Rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin (MKS) hazırladığı Ulu Öndərə, Xalq Cümhuriyyətinə, Azərbaycan tarixi və mədəniyyətinə aid, həmçinin “Yaddan çıxmaz Qarabağ”, “Azərbaycan ordusu-100”, “Vətənpərvər ədəbiyyat”, “Təbiəti qoruyaq” və digər mövzularda kitab sərgiləri tədbir iştirakçıları tərəfindən maraqla qarşılanıb.
Qax MKS-nin direktoru Güllü Əhmədova çıxış edərək, mədəniyyətimizin hamisi kimi tanınan ümummilli lider Heydər Əliyevin xalqımız qarşısındakı tarixi xidmətlərindən danışıb, bilik mənbəyi olan kitabın daha geniş təbliğ olunmasında belə tədbirlərin əhəmiyyətini xüsusi vurğulayıb. Bildirilib ki, Ulu Öndər gəncləri hər zaman mütaliəyə səsləyib. Ümummilli Lider dönə-dönə xatırladırdı ki, kitab bəşəriyyətin tərəqqisinin ən böyük vasitələrindən biridir. Kitabxanalar xalq, millət, cəmiyyət üçün müqəddəs yer, mənəviyyat, bilik, zəka mənbəyidir.
Diqqətə çatdırılıb ki, 33 kitabxana filialını özündə birləşdirən Qax rayon MKS-nin fondlarında hazırda 315 mindən çox kitab var. Fondda olan latın qrafikalı kitabların hamısı elektron kataloqun yaddaşına köçürülüb.
Sonra kitabxananın fəal oxucularına və qabaqcıl kitabxana işçilərinə fəxri fərmanlar təqdim olunub.
Bayram tədbirində məktəblilərin ifasında Ulu Öndərə həsr olunmuş şeirlər ifa edilib, Günərzi Qayğı Mərkəzinin, İncəsənət Məktəbinin, uşaq bağçalarının kollektivləri hazırladıqları ədəbi-bədii kompozisiya və rəqsləri ilə hamıya xoş ovqat bəxş ediblər.