REGİONLAR
Qaxın tarixi məkanları ilə tanışlıq məktəblilərin böyük marağına səbəb olub VİDEO
Qax, 15 noyabr, Mustafa Dadaşov, AZƏRTAC
“Ölkəmizi tanıyaq” devizi altında keçirilən maarifləndirici tur-aksiyada iştirak edən Sabunçu və Suraxanı məktəbliləri respublikamızın şimal-qərb bölgəsinə səfərlərinin ikinci günü – noyabrın 15-də Şəkinin Kiş kəndindəki qədim alban məbədini ziyarət edib, Qax rayonunun tarixi məkanları ilə tanış olublar.
AZƏRTAC xəbər verir ki, Kiş kəndindəki qədim məbədlə tanışlıq zamanı məktəblilərin diqqətinə çatdırılıb ki, eramızın birinci əsrində Qafqaz Albaniyasında geniş yayılan Ay məbədinin özülü üzərində inşa edilən bu abidə erkən orta əsrlərdə yaranan ilk gümbəzli, zal tipli məbəddir.
Məbədlə tanışlıqdan sonra tur-aksiya iştirakçıları Qax rayonuna yola düşüblər.
Qax şəhərindəki Heydər Əliyev Mərkəzinin qarşısında Sabunçu və Suraxanı məktəblilərini rayon icra hakimiyyətinin rəhbər işçiləri qarşılayıblar. Tur-aksiya iştirakçılarına Qax rayonunun tarixi, iqtisadiyyatı, mədəniyyəti, turizm potensialı barədə məlumat verilib.
Mərkəzlə tanış olan məktəblilərin diqqətinə çatdırılıb ki, ölkəmizin hər yerində olduğu kimi, Qax rayonunda da ümummilli lider Heydər Əliyevin xatirəsinə daim hörmət və ehtiram bəslənilir. Bildirilib ki, Ulu Öndərin xatirəsinə ehtiramın bariz nümunəsi olan bu Mərkəz 2013-cü ilin avqustunda istifadəyə verilib. Milli memarlıq ənənələri saxlanılmaqla ən müasir üslubda tikilən Mərkəz rayon əhalisinin, xüsusilə yeniyetmə və gənclərin ən çox üz tutduqları mədəniyyət ocaqlarından biridir. Diqqətə çatdırılıb ki, Ümummilli Liderin həyat və fəaliyyətinin, zəngin irsinin daha dərindən öyrənilməsi məqsədi ilə Mərkəzdə ümumtəhsil məktəblərinin yuxarı sinif şagirdləri üçün mütəmadi olaraq açıq tarix dərsləri keçirilir. Bu ilin fevral-may aylarında keçirilən dərslərdə rayonun 30 ümumtəhsil məktəbindən 540 nəfər XI sinif şagirdi iştirak edib. Qeyd olunub ki, rayonda yeni ailə quran gənclərin nikah mərasimlərinin Heydər Əliyev Mərkəzində keçirilməsi artıq ənənə halını alıb.
Qax şəhərinin qədim hissəsi – “İçəribazar” Turizm və Mədəniyyət Mərkəzi ilə tanışlıq məktəblilərin böyük marağına səbəb olub. Məlumat verilib ki, Qaxda XVI əsrdən mövcud olan “İçəribazar” qala qapıları və divarları maddi-mədəniyyət abidəsinin yenidən qurulması tarixi irsimizin qorunması istiqamətində həyata keçirilən tədbirlərin bariz nümunəsidir.
Milli memarlıq üslubunda çapma daş və qırmızı kərpiclə işlənilən, dekorativ suvaq vurulan küçə divarları, 300 yerlik yay teatrı, sənətkarlıq emalatxanaları, həmçinin qalaya giriş və çıxış qapıları tur-aksiya iştirakçılarında xoş ovqat yaradıb.
Sonra məktəblilər rayon Tarix-Diyarşünaslıq Muzeyində olublar. Məlumat verilib ki, 1981-ci ildən fəaliyyət göstərən bu muzeydə hazırda 11 mindən artıq muzey əşyası saxlanılır.
Qax rayonuna səfərləri çərçivəsində tur-aksiya iştirakçıları daha sonra rayonun görməli yerləri ilə, o cümlədən İlisu kəndindəki qədim tarixi abidələrlə tanış olublar.
Sabunçu və Suraxanı məktəblilərini noyabrın 16-da Zaqatala rayonunun tarixi məkanlarına, muzeylərə maraqlı ekskursiyalar gözləyir.