REGİONLAR


Qaxın təhsil işçiləri yeni dərs ilini yüksək əhval-ruhiyyə ilə qarşılayırlar

A+ A

Qax, 9 sentyabr, Mustafa Dadaşov, AZƏRTAC

2015-2016-cı dərs ilinin yekunları Qax rayonunun təhsil işçiləri üçün uğurlu olub.

AZƏRTAC xəbər verir ki, bu fikir ötən dərs ilinin yekunları ilə bağlı Qax rayon təhsil işçilərinin ənənəvi sentyabr konfransında səsləndirilib.

Rayonun təhsil işçiləri əvvəlcə ümummilli lider Heydər Əliyevin şəhərin mərkəzində ucaldılan abidəsi önünə gül dəstələri düzərək, xatirəsini ehtiramla yad ediblər.

Rayon rəhbərliyi və konfrans iştirakçıları sonra tədbirin keçirildiyi şəhər 2 nömrəli məktəb-liseyin foyesində şagirdlərin əl işlərindən ibarət sərgiyə baxıblar.

Konfransda rayon təhsil şöbəsinin müdiri Məmməd Xasıyevin 2015-2016-cı dərs ilinin yekunları və qarşıda duran vəzifələrə dair hesabat məruzəsi dinlənilib.

Bildirilib ki, ötən dərs ilində rayonun 54 ümumtəhsil məktəbində 6780 şagird təhsil alıb. Onların təlim-tərbiyəsi ilə 1298 pedaqoji işçi məşğul olub. Müəllimlərin 84 faizi ali, 16 faizi isə orta ixtisas təhsillidir. Məktəblərin 32-si birtipli layihə əsasında inşa olunan, 22 məktəb isə uyğunlaşdırılmış binalarda fəaliyyət göstərir. Hazırda şagirdlərin 65 faizi yeni inşa edilən və ya əsaslı təmir olunan məktəblərdə təhsil alırlar.

Qeyd olunub ki, rayonun məktəblərində şagirdlərin istifadəsində 456 ədəd kompyuter, 53 ədəd noutbuk, 43 ədəd proyektor, 17 ədəd “ağıllı lövhə”, 4 mindən çox elektron dərslik var. Rayon üzrə hər 13 şagirdə bir kompyuter düşür.

Diqqətə çatdırılıb ki, ali məktəblərə builki qəbul imtahanlarında iştirak edən 261 məzundan 167 nəfər tələbə adını qazanıb. Məzunlardan 31 nəfər 500-dən, o cümlədən 10 məzun 600 baldan yuxarı nəticə göstərib.

Ötən dərs ilində rayonun məktəbliləri müxtəlif respublika müsabiqələrində, fənn olimpiadalarında uğurla çıxış edərək bir sıra nailiyyətlər qazanıblar.

Bildirilib ki, 2015-2016-cı dərs ilində gənc nəslin təlim-tərbiyəsində əldə etdikləri uğurlara görə Qax şəhər 5 nömrəli tam orta məktəb “Ən yaxşı ümumtəhsil məktəbi”, şəhər 4 nömrəli tam orta məktəbin müəllimi Rübail Əfəndiyeva “Ən yaxşı müəllim” respublika müsabiqələrinin qalibi adını qazanıb, bir nəfər “Əməkdar müəllim” fəxri adına layiq görülüb.

Rayon təhsil şöbəsinin müdiri Təhsil Nazirliyindən alınmış 140 adda 25 min 790 ədəd dərsliyin, həmçinin 72 adda 1733 ədəd müəllim vəsaiti və zəruri məktəb sənədlərinin bölgü əsasında məktəblərə çatdırıldığını bildirib.

Konfransda rayon icra hakimiyyətinin başçısı Musa Şəkiliyev və Təhsil Nazirliyinin nümayəndəsi Əsgər Quliyev çıxış edərək, rayonun təhsil işçilərinə yeni dərs ilində daha yüksək nailiyyətlər arzulayıblar.

Tədbirin sonunda ali məktəblərə qəbul imtahanlarında yüksək nəticə göstərən məzunlara mükafatlar təqdim olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.