REGİONLAR
Qaxın tütün qəbulu məntəqəsinə hər gün 50 tonadək yaşıl tütün kütləsi daxil olur VİDEO
Qax, 21 avqust, Mustafa Dadaşov, AZƏRTAC
“Azərtütün” MMC-nin Qax rayonunda fəaliyyət göstərən tütün istehsalı və emalı məntəqəsinə bu günədək fermer təsərrüfatlarından 1915 ton yaşıl tütün kütləsi daxil olub. Eyni zamanda, mövsümün əvvəlindən indiyədək məntəqədə 134 ton quru tütün istehsal edilib.
Bu barədə AZƏRTAC-a məntəqənin müdiri Məmmədəli Sultanov məlumat verib. O bildirib ki, hər gün məntəqəyə qurudulmaq üçün orta hesabla 50 tonadək yaşıl tütün kütləsi daxil olur. Hazırda məntəqədə olan 60 ədəd odla tütünqurutma kamerasının hamısı işlək vəziyyətdədir. Hər gün bu kameralardan altısından qurudulmuş tütün boşaldılır və kameralara yenidən yaşıl tütün kütləsi qoyulur. Qurudulan tütün preslənərək anbara yığılır və sonra tütün emalı zavoduna göndərilir.
Gənc fermer Həsən Səfərov cari mövsümdə məntəqəyə ən çox yaşıl tütün təhvil verən fermerlərdən biridir. Tütünçülüklə ikinci ildir ki, məşğul olan fermer keçən il 31, bu il isə 64 hektar sahədə tütün yetişdirib. İstehsalçı indiyədək qəbul məntəqəsinə 400 tona yaxın yaşıl tütün kütləsi təhvil verib. Tütün yığımına 50 nəfərədək mövsümi işçi cəlb olunub. Hələlik sahələrdə məhsul boldur. Fermer AZƏRTAC-a bildirib ki, mövsümün sonunadək daha 400 ton tütün istehsal etməyi qarşısına məqsəd qoyub.
Rayon sakini Fətəli Toğrul da ikinci ildir tütünçülüklə məşğul olur. Ötən il 3 hektar tütün sahəsindən 87 ton məhsul əldə edib. Dövlətin qayğısından ruhlanan gənc fermer bu il əkin sahəsini artıraraq 8,7 hektara çatdırıb. Fermer bu günədək məntəqəyə 50 ton yaşıl tütün kütləsi təhvil verib. O, mövsümün sonunadək tütün istehsalını 130 tona çatdırmağı düşünür.
Xatırladaq ki, cari ildə rayonda tütün əkini sahələri əvvəlki illə müqayisədə 275 hektar artırılaraq 605,8 hektara çatdırılıb.