CƏMİYYƏT
Qaydaları pozmuş iki kiçikhəcmli gəmi istifadəçisi barəsində müvafiq tədbir görülüb
Bakı, 1 avqust, AZƏRTAC
Abşeron rayonunun Novxanı qəsəbəsi ərazisindəki çimərlikdə “Kiçik həcmli gəmilərin təhlükəsiz istismarına nəzarət Qaydaları”nın tələblərinin pozulması nəticəsində 2 su nəqliyyatı vasitəsi (hidrosikl və kater) dənizdə toqquşub.
Fövqəladə Hallar Nazirliyindən AZƏRTAC-a bildiriblər ki, su nəqliyyatı vasitəsi (hidrosikl) onu idarəetmə hüququ olmadan idarə edən şəxsin qayda pozuntusu törətməsi nəticəsində suda hərəkətdə olan katerə çırpılıb. Hadisə nəticəsində hər 2 su nəqliyyatı vasitəsi zədələnib. Hadisə nəticəsində xəsarət alan olmayıb.
Baş vermiş hadisə ilə əlaqədar Fövqəladə Hallar Nazirliyinin Kiçik Həcmli Gəmilər üzrə Dövlət Müfəttişliyinin məsul əməkdaşları hadisə yerinə olub və aidiyyəti üzrə araşdırma aparıblar.
“Kiçik həcmli gəmilərin təhlükəsiz istismarına nəzarət Qaydaları”nın tələblərini kobud şəkildə pozduqlarına görə qeyd edilən hər 2 gəmi istifadəçisi barəsində mövcud qanunvericiliyin tələblərinə əsasən müvafiq tədbir görülüb. Hidrosikl isə müvəqqəti saxlanca yerləşdirilib.