CƏMİYYƏT
“Qayğı”nın Daun sindromlu uşaqlara göstərdiyi qayğı
Bakı, 31 may, AZƏRTAC
“Qayğı -Sağlam Nəsil Naminə” İctimai Birliyi və YAP Nizami Rayon Təşkilatı Gənclər Birliyinin təşkilatçılığı ilə Daun Sindromlu Uşaqların Reabilitasiya Mərkəzində 1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunmuş tədbir keçirilib. Bu barədə AZƏRTAC-a rayon icra hakimiyyətindən məlumat veriblər.
YAP Nizami Rayon təşkilatı Gənclər Birliyinin sədri Sevinc Abdullayeva “Qayğı” Sağlam Nəsil Naminə İctimai Birliyinin təşkilatçılığı ilə ilk dəfə Daun sindromlu və serebral iflicli uşaqların peşəkar idmançılarla birgə iştirak etdiyi idman yarışı, həmin idman tədbirində onların bacarıq və iradələrini nümayiş olunması, pozitiv əhvali-ruhiyyə yaratmaq, cəmiyyətə inteqrasiya baxımından əhəmiyyəti barədə danışıb.
Rayon icra hakimiyyətinin başçısı Arif Qasımov, Milli Məclisin deputatları Sədaqət Vəliyeva və İqbal Məmmədov, Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin sədri Seymur Orucov çıxış edərək daim diqqət və qayğıya ehtiyacı olan uşaqların hüquqlarının qorunması, onların layiqli vətəndaş kimi formalaşdırılmasının başlıca sosial vəzifə olduğunu söyləyərək bu sahədə ölkəmizdə həyata keçirilən tədbirlərdən bəhs ediblər. Tədbirdə idmanın 9 növü üzrə keçirilən yarışlarda yer tutan uşaqlara medallar təqdim edilib.
“Qayğı-Sağlam Nəsil Naminə” İctimai Birliyinə göstərdiyi diqqət, qayğıkeş münasibət və dəstəyə görə Azərbaycan Voleybol Federasiyası, “Səbail” Peşəkar Futbol Klubu, Astoria Fitnes & SPA Mərkəzi, həmçinin beynəlxalq dərəcəli hakim Eldar Zülfüqarov və tanınmış güləşçi Rəsul Çunayev də diplomlarla təltif olunublar.
Tədbirdə yarışla bağlı videoçarx nümayiş olunub. Şən mahnılar və oynaq musiqi nömrələrinin sədaları altında uşaqlar rəqs meydançasına dəvət ediliblər. Tədbirin sonunda uşaqlara hədiyyələr təqdim olunub və xatirə şəkilləri çəkilib.