REGİONLAR


Qazançı qalası - Naxçıvanın qədim tarixinin canlı nümunəsi

A+ A

Naxçıvan, 24 mart, AZƏRTAC

Cənubi Qafqazın və Yaxın Şərqin ən qədim qalaları məhz Naxçıvan ərazisində yerləşir. Burada qədim qalalar hələ miladdan əvvəl III-II minilliklərdə tikilib. Bu, həm Naxçıvanın coğrafi mövqeyi, həm təbii sərvətləri, həm də onun qədim mədəniyyətlərin mərkəzi olması ilə bağlıdır. Qala tipli yaşayış yerlərinin tədqiqi Naxçıvanda məskunlaşan türkdilli tayfaların qədim dövlətçilik ənənələrinə malik olduğunu təsdiq edir. Həmin qalalardan biri də Qazançı qalasıdır.

Qala Naxçıvan Muxtar Respublikasının Culfa rayonunun ərazisində yerləşir. Bəzi tədqiqatçılara görə, qalanın adı “Kitabi-Dədə Qorqud” dastanının qəhrəmanlarından biri olan Qazan xanın adı ilə bağlıdır.

Qalada 1991-ci ildə Naxçıvan Elm Mərkəzinin arxeoloji ekspedisiyası kəşfiyyat xarakterli tədqiqatlar aparıb. Nəticədə qalanın hər iki hissəsinin planı hazırlanıb. Tədqiqatlar zamanı aşkar olunmuş arxeoloji materiallar Culfa Rayon Tarix-Diyarşünaslıq Muzeyinə verilib.

Aparılan araşdırmalar zamanı Qazançı qalasının mərkəzi hissəsində Narınqalanın olduğu müəyyən edilib. Tikinti texnikasına əsasən, Narınqalanın miladdan əvvəl II-I minilliklərə aid olduğunu demək olar. Yonulmuş iri qaya parçalarından inşa olunmuş divarlardan bəzən bir, bəzən isə iki sıra daş hörgülər qalıb. Narınqalanın qalanın mərkəzi və ən hündür hissəsində yerləşməsi həm qalanı, həm də qalaya yaxınlaşan yolları nəzarətdə saxlamağa imkan verib.

AMEA-nın müxbir üzvü Vəli Baxşəliyev qeyd edir ki, vaxtilə Qazançı qalasının olduğu təpənin zirvəsində yarımdairəvi bürclərlə möhkəmləndirilmiş müdafiə istehkamı olub. Lakin hazırda bu qaladan əsər-əlamət qalmayıb. Bu gün abidənin cənub və şimal-qərb hissəsində iri daşlardan tikilmiş divarların qalıqları qalır. Burada mədəni təbəqənin qalınlığı 0,5 metrdən 1,5 metrə qədərdir. Mədəni təbəqə dağıdıldığından gil qab qırıqlarına tez-tez təsadüf olunur. Yerüstü materiallar dən daşlarından, çəhrayı və boz rəngdə bişirilmiş gil qab qırıqlarından ibarətdir. Yerüstü materialların böyük bir qismini boyalı qablar təşkil edir.

Vəli Baxşəliyev deyir ki, qalada aparılan tədqiqatlar Naxçıvanın miladdan əvvəl III-II minilliklərdə formalaşan, Cənubi Qafqaz və Yaxın Şərqin bir qismini əhatə edən Boyalı qablar mədəniyyətinin mərkəzi olduğunu göstərir. Bu mədəniyyət Cənubi Qafqazda Gürcüstanı, Şərqi Anadoluda Van və Əhlətdən başlayaraq Qarsa qədər böyük ərazini əhatə edib. Bu geniş ərazidə yaşayan tayfaların əsas siyasi və istehsal mərkəzləri məhz Naxçıvanda olub. Çünki Cənubi Qafqaz və Şərqi Anadoluda Boyalı qablar mədəniyyətinə aid yaşayış yerləri və qalalar yoxdur. Bu regionlarda yalnız köçəbə düşərgələrinə rast gəlinib. Demək olar ki, bu düşərgələr Naxçıvan tayfalarının hərəkət yolları üzərində olub.

Qazançı qalasından Boyalı qablar mədəniyyətinə aid toplanmış yerüstü materiallar çəhrayı və boz rəngli gil məmulatından ibarətdir. Çəhrayı rəngli gil məmulatını küpə və kasa tipli qabların qırıqları təşkil edir. Onların gilinə narın qum qatılaraq yaxşı bişirilib. Gil məmulatının bir qismini boyalı keramika təşkil edir. Çəhrayı rəngli gil məmulatında, o cümlədən boyalı parçalarda Naxçıvan Boyalı qablar mədəniyyətinin bütün xüsusiyyətləri əks olunub ki, bu da Qazançı qalasının Orta Tunc dövrü mədəniyyətinin əsas mərkəzlərindən biri olduğunu göstərir.

Tədqiqat zamanı qaladan miladdan əvvəl II minilliyin sonu üçün xarakterik olan boz rəngli keramika, həmçinin Əhəmənilər dövrünə aid keramika parçaları aşkar olunub.

Qazançı qalasının ətrafında qədim nekropol yerləşir. Şübhəsiz ki, bu qalada gələcəkdə də aparılacaq tədqiqatlar Azərbaycan tarixinin yazılmamış səhifələrini üzə çıxarmağa imkan verəcək.

AZƏRTAC-ın Naxçıvan Muxtar Respublikasındakı bürosu

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.