MƏDƏNİYYƏT
“Qazax-Borçalı bölgəsinin xalçaçıları” kitab-kataloqunun təqdimatı olub
Bakı, 13 aprel, AZƏRTAC
Ağstafa şəhərində Ağstafa rayon İcra Hakimiyyətinin və “Azər-İlmə” Elmi-Tədqiqat və İstehsalat Mərkəzinin təşkilatçılığı ilə “Azərbaycan xalçaları bütün qrupları ilə” adlı funademental elmi layihə çərçivəsində nəşr olunmuş “Qazax-Borçalı bölgəsinin xalçaçıları” adlı dərs vəsaitinin təqdimat mərasimi keçirilib.
AZƏRTAC xəbər verir ki, mərasimdə rayonun mədəniyyət və incəsənət xadimləri, ziyalılar, xalçaçılar, həmçinin Qazax, Tovuz rayonlarının ictimaiyyət nümayəndələri iştirak ediblər.
Tədbirdə Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev kitab-kataloq haqqında iştirakçılara məlumat verərək, nəşri Azərbaycan mədəniyyət tarixinin, xalçaçılıq ənənələrinin keçmişi, müasir durumu və gələcək perspektivlərinin araşdırılması baxımından mühüm mənbə kimi dəyərləndirib.
Natiq “Azər-İlmə”nin respublikamızın bütün bölgələrində, o cümlədən ölkəmizin hüdudlarından kənarlarda yaşayan həmvətənlərimiz arasında xalçaçılıq sənətinin tədqiqi, təbliği və inkişafı istiqamətindəki uğurlu fəaliyyəti barədə məlumat verib.
M.Quliyev kitabın müəllifi, əməkdar incəsənət xadimi, tarix üzrə fəlsəfə doktoru, professor Vidadi Muradovu icra hakimiyyətinin fəxri fərmanı ilə təltif edib.
Milli Məclisin mədəniyyət komitəsinin sədri, AMEA-nın müxbir üzvü, professor Nizami Cəfərov kitab-kataloqu həm sənətşünaslıq, həm də tarixşünaslıq baxımından qiymətli əsər, bu sənəti yaradan, yaşadan insanlara ucaldılmış abidə kimi dəyərləndirib.
Professor Vidadi Muradov “Azər-İlmə”nin Qazax-Borçalı bölgəsi üzrə apardığı elmi ekspedisiyalar, əldə olunan nəticələr, burada toxunan xalçalar, xalçaçılar, boyaqçılar, xalça tacirləri haqqında məlumat verib. Tədqiqat işlərinin aparılmasında göstərdikləri köməyə görə yerli icra hakimiyyəti orqanlarına, kənd sakinlərinə öz minnətdarlığını çatdırıb.
Təqdimat mərasimində çıxış edən digərlər natiqlər kitab-kataloqun çap olunmasını yüksək qiymətləndirib və Azərbaycan xalçaçılarının fəaliyyətinin tədiqiqi istiqamətindəki işlərinə görə “Azər-İlmə”yə öz təşəkkürlərini bildiriblər.
Mərasim iştirakçıları “Azərbaycan xalçaları. Qazax-Borçalı qrupu” telefilminə tamaşa ediblər.
“Azər-İlmə”nin adından Ağstafa rayon Heydər Əliyev Mərkəzinə, kitabxanalara, mədəniyyət mərkəzlərinə, yaradıcılıq birliklərinə, o cümlədən Qazax, Ağstafa, Tovuz rayonlarını təmsil edən xalçaçılara kitablar, broşürlər, jurnallar, telefilmlərin diskləri hədiyyə edilib.
Sonda tədbir iştirakçıları qədim xalçalardan ibarət sərgi və “Azər-İlmə”nin nəşrlərindən ibarət kitab ekspozisiyası ilə tanış olublar.